Türkiyə sərhədindəki terroru yox etməyə çalışır


Buna görə Suriya ilə danışıqlara getmək niyyətindədir
  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Rusiya, Türkiyə və Suriya liderlərinin üçtərəfli görüşünün keçirilməsini təklif etdiyini bildirib. Ərdoğan vurğulayıb ki, bu tədbirdən əvvəl dövlətlərin nazirlərinin görüşü keçirilməlidir: "Hazırda gündəmdə olmayan hadisələrin inkişafı ilə əlaqədar daha sonra gündəmə gətirilə biləcək bir çox mövzular var. Biz Suriya-Türkiyə-Rusiya üçtərəfli ittifaq kimi addım atmaq istəyirik. Bunun üçün əvvəlcə kəşfiyyat xidmətlərimiz, sonra müdafiə və xarici işlər nazirlərimiz görüşməlidir. Bundan sonra liderlər kimi bir araya gələk. Mən bunu artıq Putinə təklif etmişəm".
  Türkiyə lideri qeyd edib ki, Rusiya rəhbəri onun təklifinə müsbət reaksiya verib. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov da bildirib ki, Moskva Ərdoğanın üçtərəfli görüşlə bağlı ideyasına son dərəcə müsbət yanaşır: "Biz indi suriyalı dostlarla təmaslar aparırıq”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Şərq"ə açıqlamasında deyib ki, Rusiyanın son zamanlar sərgilədiyi mövqe Moskvanı Türkiyə ilə yaxınlaşdırıb. Partiya təmsilçisinin sözlərinə görə, eyni zamanda Ankara da münasibətlərində çətinlik olan ölkələrlə dialoqun bərpasına çalışır: "İsraillə münasibətlərdə bunun şahidi olmuşuq. Türkiyənin Suriya ilə münasibətlərində əbədi problemlər və narazılıqlar ola bilməz. Münasib vaxtda əlaqələrin qiymətləndirilməsi və yenidən formalaşdırılması gözlənilən idi. Ötən günlərdə Prezident Rəcəb Tayyib Ərdoğanın Qətərdə Misirin dövlət başçısı ilə 9 ildən sonra ilk dəfə görüşü, ardınca Bəşər Əsədlə danışıqları istisna etməməsi münasibətlərin bərpa olunması ehtimallarını artırırdı. Türkiyə və Suriya arasında münasibətlərin normallaşması istəyi müəyyən səbəblərdən qaynaqlanır. Burada şərtlər də müxtəlifdir. Tükiyə və Suriya arasında 910 kilometrlik sərhəd xətti var. Bunun müəyyən hissəsi terror təşkilatı olan YPG/PKK-nın nəzarəti altındadır. Bu da Türkiyəyə ciddi risklər yaradır. Ona görə də hərbi əməliyyatlar həyata keçirilib".
  S.Əsədliyə görə, Türkiyə terroru yox etmək üçün Suriya ilə danışıqlara getmək niyyətindədir: "Bu da cənab Ərdoğan və Bəşər Əsədin dialoqlarına dəlalət verir. Danışıqlarla bağlı istəklər təktərəfli deyil. İki ölkə arasında sərhədin təhlükəsizliyi Suriya üçün də vacibdir. Suriyada bir neçə ölkənin maraqları toqquşur. İndi bu ölkələr Türkiyə və Suriyanın yaxınlaşmasına əngəl kimi görünür. Çünki iki ölkənin çıxarlarını nə İran, nə də Rusiya qəbul edir. Görürük ki, son illər ərzində bu ölkələr vasitəçi olsa da, nəticə əldə edə bilməyiblər. Ona görə də Türkiyənin Suriya ilə birbaşa əlaqə qurmasının səbəbi elə vasitəçiləri aradan qaldırmaqdır. İndi proseslərdə ola bilsin ki, əvvəl Rusiya masada olsun. Amma bu, o demək deyil ki, Rusiya davamlı iştirak edəcək. Bir sözlə, bu gün Türkiyənin milli maraqları Suriya ilə yenidən diplomatik münasibətləri başlatmağa əsas verir".