Qaynar xəttimiz ermənilərlə "qaynar təmas"a çevrilə bilərmi?


Azər Həsrət: "Qarabağdakı ermənilər bir qrup dələduzun girovuna çevrilib"
"Kimin hara əli çatır, bir iş görməyə çalışmalıdır"
  Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün Qaynar xətt yaradılıb. Bu barədə Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyada iştirak edən Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqları Müdafiə Cəmiyyətinin mərkəz rəhbəri Dilarə Əfəndiyeva bildirib. Onun sözlərinə görə, separatçıların yerli sakinlərə təzyiqlərinə baxmayaraq, əvvəlki günlərlə müqayisədə edilən zənglərin sayı əhəmiyyətli dərəcədə artıb: "Müraciətlərin çoxluğunu nəzərə alaraq mən və həmkarlarım mərkəzimizdə Qaynar xəttin yaradılması qərarını qəbul etmişik. Biz həmvətənlərimizin müraciətlərinə operativ qaydada cavab verməyə hazırıq. Qaynar xəttimiz belədir: +994702779911. Qarabağ regionunda yaşayanlar arasında bizə müraciət edənlərin məxfiliyini qoruyub saxlayacağımıza öz tərəfimizdən zəmanət veririk". O, dialoqun zəruriliyini də qeyd edib.
  Mühüm təşəbbüslə bağlı "Şərq"ə danışan siyasi şərhçi Azər Həsrət deyib ki, Qarabağdakı erməni əhalimiz üçün Qaynar xəttin təşkili təqdirəlayiqdir. Lakin ekspert bu addımı atmaq üçün gecikdiyimizi vurğulayıb: "10 noyabr 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan və Rusiya sülhməramlıları ərazimizə yerləşdikdən dərhal sonra Azərbaycan tərəfi vətəndaş təşəbbüslərini gücləndirməli idi. Xüsusən, media, qeyri-hökumət təşkilatları tərəfindən Qarabağdakı erməni əhali ilə təmasların intensivləşməsi üçün əlavə təşəbbüslər ortaya qoyulmalıydı. Təəssüflər olsun ki, biz 2 ili faktiki olaraq fövtə verdik, əldən buraxdıq. Bu istiqamətdə cəhdlər həddindən artıq az olub. O baxımdan sadəcə Qaynar xəttlə işimizi bitmiş hesab etməməliyik. Azərbaycan cəmiyyəti, xüsusən QHT-lər istər birbaşa təmaslarla, istərsə də üçüncü tərəfin, beynəlxalq insan hüquqları təşkilatlarının vasitəçiliyi ilə Qarabağdakı ermənilərlə münasibətləri qurmalıdırlar".
A.Həsrət qeyd edib ki, Qarabağdakı ermənilər Azərbaycan dövlətinin, nəhayət, gəlib onlara sahib çıxacağını gözləyirlər: "Cəmiyyətdə birmənalı mövqe var ki, Qarabağdakı bütün ermənilər bölücü, terrorçu, separatçıdır. Elə deyil. Qarabağdakı ermənilər bir qrup dələduzun girovuna çevrilib. Eyni zamanda "sülhməramlı" adı altında bölgəyə yerləşmiş Rusiya işğalçılarının girovudurlar. Qanunlarımız çərçivəsində dinc yaşamağa hazır olan erməniləri separatçılardan və Rusiya sülhməramlılarının girovluğundan azad etməliyik. Bənzər təşəbbüslərin sayını artırmaq lazımdır. Kimin hara əli çatır, bir iş görməyə çalışmalıdır. Jurnalistlərimiz arasında ermənilərlə çox yaxın dost olanlar var. Ancaq onları ortalıqda görmürəm. Zəhmət çəksinlər, ermənilərlə dostluqlarından Azərbaycan dövlətinin faydası üçün istifadə etsinlər. Eləcə də QHT-lərimiz arasında erməni qeyri-hökumət təşkilatları ilə çox yaxından işləyən qurumlar var. Onlar da öz işini qurmalıdır. Düşünürəm ki, tezliklə Rusiya sülhməramlıları bölgəni tərk etmək məcburiyyətində qalacaqlar. Qarabağda insanları qorxu altında saxlayan dələduz qruplaşma da ərazimizdən rədd olub gedəcəklər. Bayrağımız tezliklə Xankəndidə, Xocalıda dalğalanacaq. Bununla da oradakı erməni vətəndaşlarımız, nəhayət ki, 30 ildən sonra normal insan kimi yaşamağa başlayacaqlar".