Aksiya iştirakçıları ictimai xüsusi təyinatlılardır


Zahid Oruc: "12 dekabr Qarabağ ermənilərinin mühasirəsi yox, Azərbaycanın suverenliyi altında yaşamağa başladıqları gündür"
  "Azərbacanlıların Xankəndiyə silahsız daxil olması düşmən obrazı ilə qorxudulan yerli ermənilərin də xilasına xidmət edir”. Bu barədə millət vəkili Zahid Oruc deyib. Deputat bildirib ki, Xankəndi-Şuşa yolunda başlayan dinc hərəkat müasir Azərbaycan tarixinin parlaq səhifəsidir: "Əslində silahsız aksiya 44 günlük müharibənin davamıdır, 10 noyabr 2020-ci ildə Xankəndiyə doğru gedən əsgərlərin qardaş və bacılarının tanksız-topsuz əməliyyatıdır. Əgər "Qızılbulaq" və "Dəmirli" yataqlarına sülhlə deyil, hərbi vasitələrlə hücum edilsəydi, 12-14 sentyabrdan başlayan beynəlxalq təzyiqlər daha da artacaqdı. Düşmən bizi səngərdə gözləyirdi. İrəvanda, Parisdə və onlarla ölkədə Qarabağ ermənilərinə silahlı soyqırım edəcək dövlətə qarşı sanksiyalar öncədən hazırlanmışdı. Lakin İlham Əliyev dinc vasitələrdən - yumşaq gücdən istifadə etdi. Ona görə də çətin hava şəraitində 4 gündür fədakarlıq göstərən mətbuat, vətəndaş cəmiyyəti və ictimai fəallar gerçək silahsız xüsusi təyinatlılardır. Son aksiyaların nəticələri nə oldu? Birincisi, beynəlxalq ictimaiyyətdən “soyqırım və etnik təmizləmə” adı ilə siyasi, maddi və mənəvi yardım istəyən Ermənistan arzu etdiyi faktları tapmadığı üçün dəstək qazana bilmədi və kəskin siyasi parçalanmaya məruz qaldı. Dünən Azərbaycan xarici işlər naziri dövlətimizin Xankəndiyə humanitar və iqtisadi yardıma hazır olduğunu bildirdi. Ermənilərlə birgəyaşayış üçün hökumətin reinteqrasiya proqramının elan olunması dövlətimizin mövqeyini gücləndirdi".
  Z.Oruc vurğulayıb ki, humanitar fəlakət, xəstələrin yardımdan məhrum edilməsi, uşaqlara qarşı qəddarlıqla bağlı ənənəvi cəfakeş obrazı və digər anti-Azərbaycan təbliğatı keçmədi: "4 gündür Xankəndidə qeyri-təbii ölüm faktları qeydə alınmayıb, əksinə, Ermənistan və dünya erməniçiliyi əlini çəkən kimi Qarabağa əminamanlıq və dinclik gəlib. Biz dünyaya bəyan etməliyik ki, İrəvana getmək istəyən Xankəndi sakinləri tək bir Laçın yolundan asılı deyillər, 1007 km sərhədin istənilən yerindən gəlib keçə bilərlər. Son aksiyalar 30 illik işğalın sadə, əliyalın və ehtiyac içərisində yaşayan ermənilərdən çox, torpaqları istismar edən cinayətkar dəstələr, oliqarx məmurlar, hərbi rejim təmsilçiləri və qızıl-mis sümürgənlərini üzə çıxardı. Azərbaycanlıların Xankəndiyə silahsız daxil olması cinayət törətməyən, lakin uzun illər xalqımızın düşmən obrazı ilə qorxudulan yerli ermənilərin də xilasına xidmət edir. Aksiya nəticəsində separatizmin maliyyə mənbələrinə böyük zərbə dəydi. Xatırladaq ki, Qarabağın büdcəsinin 35 faizi təkcə "Qızılbulaq" və "Dəmirli" yataqlarından formalaşır".
  Parlament üzvü qeyd edib ki, Azərbaycan Laçın yolundan keçən bütün nəqliyyat vasitələrinin sayını yaxşı bilir: "Təcili-tibbi maşınların aylıq intensivliyi 5-ə çatmır. Ona görə də dinc aksiyalar nəticə verəcəkdir-Xankəndi, Xocalı və Şuşa kəndlərinə azərbaycanlıların qayıtması, Laçın yoluna alternativ 32-km-lik yolun son nöqtəsində gömrük məntəqəsinin qoyulması, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın 30 illik blokadadan çıxması Xankəndidə və regionda sülhün və təhlükəsizliyin tək şərtidir. 12 dekabr Qarabağ ermənilərinin mühasirəsi yox, Azərbaycanın suverenliyi altında yaşamağa başladıqları gündür".