"Qarabağ ermənilərinin ağır vəziyyətini..." - Ursula von der Lyayen

"Mən ölkənin üzləşdiyi çətinliklərə baxmayaraq, Ermənistanda demokratik islahatlara yönəlmiş səyləri alqışlayıram".
Bakupost.az "Novosti Armeniya"ya istinadla xəbər verir ki, bunu aprelin 5-də Brüsseldə Aİ-ABŞ-Ermənistan formatında üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen deyib.
O qeyd edib ki, Aİ məsləhətləşmələr, texniki dəstək və maliyyələşdirmə yolu ilə həyata keçirilən islahatları dəstəkləməyə davam edəcək.
Ursula fon der Lyayen əlavə edib ki, onlar Qarabağdan didərgin düşmüş ermənilərin ağır vəziyyətini unutmurlar.
“Ermənistandakı qaçqınlarla bağlı humanitar vəziyyət prioritet olaraq qalır. Biz onları dəstəkləmək üçün otuz milyon avrodan çox vəsait ayırmışıq və daha çox iş görməyə hazırıq” deyən von der Lyayen bu səylərdə ABŞ-a sadiq tərəfdaş və həmfikir kimi arxalana bildiklərindən məmnun olduğunu bildirib.
“Biz sabit və firavan Cənubi Qafqaz regionunda Ermənistanın gələcəyi üçün birgə işləməyə davam edəcəyik”, - deyə Avropa Komissiyasının sədri yekunlaşdırıb.