9 milyon tək xətt üzərində yaşayacaq!

Maşın yoxdur, hər yerə piyada 5 dəqiqəlik yoldur

  Səudiyyə Ərəbistanı hökuməti “Gələcəyin şəhəri”ni inşa edir. Bu şəhər səhrada tikiləcək. Şəhərin uzunluğu 170 kilometr müəyyən edilib. Buranın sakinləri hər hansı məkana getmək üçün cəmi 5 dəqiqə sərf edəcəklər. Səudiyyə Ərəbistanın gənc kralı Muhamməd bin Səlman buranı  “yaşanılası ən gözəl şəhər” adlandırıb. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, Səudiyyə kralı “The Line” (Xətt) adı verilən şəhərin müasir şəhərsalmada inqilab yaradacağına əmindir. Layihəyə görə, şəhərdə əvvəlcə 2 göydələn inşa ediləcək. Şəhərin başlanğıcda uzunluğunun 170 kilometr olması və 9 milyon insanın məskunlaşması planlaşdırılıb. Bu şəhərin layihəsi 2017-ci ildə vəliəhd şahzadə tərəfindən “gələcəyin şəhəri” olaraq təsdiqlənib. Şəhərin tikintisi 2045-ci ilədək yekunlaşmalıdır. Buranın səhrada inşa edilən nəhəng şəhərə çevrilməsi, iqtisadi güc mərkəzi rolunu oynaması gözlənilir. Səhrada inşa ediləcəyinə baxmayaraq, sakinlər üçün daimi mikro-iqlim təmin ediləcək və sakinlərə hər hansı məkana getmək üçün piyada addımlamaqla cəmi 5 dəqiqə bəs edəcək. Layihənn icrası mümkünsüz görünə bilər. Lakin SƏ kralı əmindir ki, xəyalındakı şəhər mütləq tikiləcək. Yeni şəhər Qırmızı dəniz sahilində olacaq. Bura qeyri-adi memarlığı ilə seçiləcək, şəhər təsərrüfatı 100 faiz bərpaolunan enerji ilə çalışdırılacaq. Layihənin tamamlanmasına 500 milyard dollar vəsait ayrılıb. İlkin mərhələ üçün 319 milyard dollar vəsaitin sərf olunacağı bildirilib. Şəhərdə kommunikasiyanın ən əsas platforması isə sürətli elektrik qatarlarıdır. Çəkiləcək dəmir yolu xətti şəhərin müxtəlif istiqamətlərini bir-biri ilə əlaqələndirəcək. Layihədə insanların təbiətlə iç-içə yaşayacağını göstərən faktor parklar, istirahət məkanları, yaşıllıq ərazilərdir. Layihə haqqında açıqlamasında şirkət təmsilçisi Torbjorn Soltvedt yeni şəhərin dünyanın ən böyük yaşıl hidrogen təsisatına malik olacağını, günəş və külək enerjisindən istifadə ediləcəyini deyib. Qeyd edib ki, bu layihə qlobal iqlim dəyişikliyi və kütləvi şəhərləşməyə qarşı düşünülüb. Layihənin gerçəkləşməsi bölgə torpaqlarının 95 faizinin qorunmasına kömək edəcək. Şəhərdə süni intellekt bacarığından da istifadə ediləcək, sakinlərin yaşayışı ən yüksək səviyyədə olacaq.