- "Prezidentimizə xalqın etimadının ən yüksək olduğu dövrü yaşayırıq"
Son ictimai rəy sorğularına əsasən, Prezidentə etimad səviyyəsi 87,7 faiz, fəaliyyətini müsbət qiymətləndirənlərin payı isə 93,6 faiz təşkil edib. Respondentlərin 81,9 faizi onu alternativsiz siyasi lider hesab edib.
Bu nəticələr Prezident İlham Əliyevin milli maraqları qətiyyətlə müdafiə edən, uzaqgörən siyasət yürüdən lider kimi cəmiyyətdə yüksək dəstəyə malik olduğunu göstərir.
Millət vəkili Tənzilə Rüstəmxanlı prezident İlham Əliyevə olan etimadın səbəbləri və Azərbaycanın son illərdə qazandığı uğurlarla bağlı fikirlərini Sherg.az-la bölüşüb:
"Prezidentimiz İlham Əliyevə xalqın etimadının ən yüksək olduğu dövrü yaşayırıq. Bu etimad, güvən, xalqın ona bu qədər inanması da səbəbsiz deyil.
Millət 1988-ci ildən bəri həsrətində olduğu, ilbəil itirdiyi torpaqlarının nisgili ilə yanıb-qovrulduğu dövrləri yaşayıb. Haqsızlıqlarla üz-üzə qalmışıq. Dünyanın ikili siyasətini, güclü dövlətlərin Azərbaycana baxışını, Azərbaycanın haqq səsini görməməsini, duymamasını, eşitmək istəməməsini yaşamışıq.
Bütün bu dövrləri ürək ağrısı ilə yaşayan biri kimi düşünürəm ki, əlbəttə, xalqımız ona güvənəcək, etimad göstərəcək. Çünki ilk dəfə idi ki, dünya savaşları tarixinin ən qısa müharibələrindən birini həyata keçirərək Qarabağ torpaqlarını işğaldan azad etdi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdi və Qarabağı Azərbaycana qaytardı".
Parlamentari bildirib ki, İlham Əliyev ölkənin təhlükəsizliyinin təminatçısı oldu:
"Dövlət təhlükəsizliyini, o cümlədən ərazi bütövlüyünü bərpa edən prezident kimi tarixin ən şərəfli səhifələrinə adını yazdırdı. Bunu görməməzlikdən gəlmək, görmək istəməmək yalnız düşmənin dəyirmanına su tökmək kimi bir şeydir.
Alternativsiz Prezident hesab edilməsi də indiki reallıqdan irəli gələrək millətin söylədiyi fikirdir. İndiki dövrdə İlham Əliyevin alternativi yoxdur. Bu bir həqiqətdir.
Azərbaycanı bu bölgədə mühüm söz sahibi olan bir dövlət mövqeyinə gətirən Prezidentimiz İlham Əliyevin siyasi təcrübəsi və yüksək zəkasıdır.
İran və Amerika-İsrail arasında böyük savaş yaşandı. Ən yaxın qonşuluğumuzda müharibə gedirdi. Biz düşünürdük ki, orada 35 milyon soydaşımız yaşayır. Ola bilsin ki, bir axın olsun və Azərbaycan bundan çox böyük zərər görsün.
Amma Azərbaycan bütün bu proseslərin içindən sıfır zərərlə çıxdı. Prezidentimiz baş verən bütün prosesləri çox gözəl idarə etdi. O qədər ağıllı, o qədər yüksək siyasi təcrübə nümayiş etdirdi ki, Azərbaycan bu gün böyük güclərin məsləhətləşdiyi, mövqeyini nəzərə aldığı, vazkeçilməz dövlətə çevrilib".
Deputat müşahidələrindən də danışıb:
"Mən 30 il bundan əvvəlki dövrü də görmüşəm. Azərbaycan haqlı olduğu halda haqsız vəziyyətə salınmışdı. Amma İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir ki, bu gün dünyada söz sahibi olan güclər Azərbaycanın ortaya qoyduğu mövqe ilə hesablaşmaq məcburiyyətindədirlər.
Azərbaycanda son illərdə çox böyük beynəlxalq tədbirlər keçirilir. Ölkəmiz nüfuzlu beynəlxalq təşkilatlara və tədbirlərə ev sahibliyi edir, həm də bunları çox yüksək səviyyədə təşkil edir.
Şəxsən mənim iştirak etdiyim İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Bakıda keçirilən tədbirini xatırlayıram. Həmin tədbirdə təşkilata sədrlik Azərbaycana idi. Mən həmin tədbirdə şəxsən iştirak etdim. Milli Məclis bunu təşkil etmişdi. O qədər yüksək səviyyədə təşkil olunmuşdu ki, inanın, mən ölkəmlə qürur duyurdum. Konqres mərkəzində heç kim heç kimə mane olmurdu. Hər zalda müxtəlif ölkələrlə ayrı-ayrı görüşlər keçirilirdi. Hər şey o qədər sistemli və peşəkar şəkildə idi ki, bunu görməmək və buna sevinməmək mümkün deyil.
Bu, bizim ölkəmizin uğurudur. Prezidentimizin rəhbərliyi dövründə Azərbaycan bu gün özünün ən gözəl çağlarını yaşayır".