- Türkiyədən Altaylara uzanan bu müqəddəs coğrafiyada atılacaq hər addım türkün adını tarix səhnəsinə bir daha möhürləyəcək
Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr Azərbaycan, Ermənistan arasındakı nəqliyyat əlaqələri ilə yanaşı, regional və geosiyasi müstəvidə də aparılır.
Layihənin reallaşmasının Orta Dəhlizin inkişafına, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığa, iqtisadi əlaqələrin genişlənməsinə və regionun nəqliyyat xəritəsinə təsir göstərə biləcəyi bildirilir. Eyni zamanda Zəngəzur dəhlizi türk dünyasının coğrafi əlaqələrinin gücləndirilməsi baxımından da xüsusi diqqət çəkir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Medihanur Arğalı dəhlizin mümkün təsirləri, yaratdığı perspektivləri və Türk dünyası üçün əhəmiyyəti barədə Sherg.az-ın suallarını cavablayıb:
-Zəngəzur dəhlizinin açılması türk dünyasının geosiyasi və milli gələcəyi baxımından hansı əhəmiyyət daşıyır?
Tarix bəzən xalqların taleyini dəyişdirəcək coğrafi kilidləri əsrlər boyu qapalı saxlayır. Bəzən isə bir qələbə həmin kilidi qıracaq iradəni ortaya qoyur. İkinci Qarabağ Zəfəri ilə birlikdə yalnız işğal altındakı torpaqlar azad edilmədi. Eyni zamanda əsrlər boyu bir-birindən qoparılan türk dünyasının damarlarının yenidən birləşməsi üçün fürsət yarandı. Masada müzakirə olunan sıradan bir nəqliyyat layihəsindən daha artıq məna daşıyan, ataların mirası olan Zəngəzur dəhlizi türk millətinin bəxtsiz taleyini dəyişdirəcək müqəddəs coğrafi həmlədir. Bəs bu dəhlizin açılması ilə birlikdə Alplərə, Altaylara və Xəzərin o tayına uzanan türk dünyası strateji və milli qazanclar əldə edəcək.
-Tarixən türk dünyasının coğrafi bütövlüyü parçalanmaya məruz qalıb. Zəngəzur dəhlizi bu parçalanmanın aradan qaldırılmasında hansı rolu oynaya bilər?
-Əsrlər boyunca düşmənlərin və imperialist düşüncələrin ən böyük strategiyası türk dünyasının coğrafi bütövlüyünü parçalamaq, türk ellərini bir-birindən ayırmaq olub. Xəzərin qərbi ilə şərqi arasına çəkilən bu süni sədd qardaş xalqların bir-birinə qucaq açmasına mane yaradıb.
Zəngəzur dəhlizi Azərbaycanı əsas ərazi ilə Naxçıvanı birləşdirməklə kifayətlənməyəcək, eyni zamanda Türkiyəni birbaşa Türküstan coğrafiyasına bağlayan fasiləsiz Turan yolu olacaq. Ankaradan yola çıxan bir türk övladı heç bir maneə ilə qarşılaşmadan birbaşa Xəzəri keçərək Bakıya, oradan da ata yadigarı Özbəkistana, Qazaxıstana, Qırğızıstana və Türküstanın qəlbinə çata biləcək. Bu xətt yalnız ticarətin deyil, könüllərin, türkün türklə qovuşmasının dəmir yolu şəbəkəsidir.
-Zəngəzur dəhlizinin Orta Dəhlizin bir hissəsi kimi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi və siyasi inteqrasiyasına gələcək təsirini necə oxuyursunuz?
-Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində formalaşan birlik ruhu iqtisadi və logistika layihələri ilə taclandırılmalıdır. Zəngəzur Orta Dəhlizin ən kritik həlqəsi kimi Şərqlə Qərb arasındakı ticarətin mütləq hakimiyyətini türk dünyasına verəcək.
Türk ellərinin yeraltı sərvətləri, strateji mədənləri və enerji resursları qlobal güclərin monopoliyasından azad olaraq birbaşa öz coğrafiyamız üzərindən dünyaya yayılacaq. Bu vəziyyət türk dövlətlərinin yalnız regional aktorlar deyil, həm də qlobal ticarətin qaydalarını müəyyən edən əsas mərkəzə çevrilməsini təmin edəcək. İqtisadi cəhətdən müstəqil və bir-birinə inteqrasiya olunmuş türk dünyası siyasi iradədə də vahid yumruq olacaq.
-Dəhliz türk dünyasının geosiyasi təhlükəsizliyi və strateji dərinliyi baxımından hansı imkanları yarada bilər?
-Qlobal imperializmin layihələrinə qarşı türk dünyasının öz geosiyasi müdafiə xətlərini qurması həyati zərurətdir. Zəngəzur dəhlizi Türkiyə və Azərbaycan başda olmaqla bütün türk dövlətlərinin geosiyasi dərinliyini dəfələrlə artıracaq. Qara dənizdən Xəzərə, oradan da İç Asiyaya uzanan bu nəhəng coğrafiyada türkün möhürünün vurulması kənardan gələ biləcək istənilən strateji mühasirəni yaracaq qüdrətə malikdir.
Zəngəzur dəhlizinin açılması yalnız rels döşəməkdən və ya asfalt salmaqdan ibarət deyil. Bu layihə əsrlər boyu həsrətlə gözlənilən Turan məfkurəsinin fiziki təməllərindən biridir. Türkiyədən Altaylara uzanan bu müqəddəs coğrafiyada atılacaq hər addım türkün adını tarix səhnəsinə bir daha möhürləyəcək. Gələcək nəsillərin müstəqil və firavan yaşamasının təminatı olacaq.