Hər gün ölüm, faciə: Qəza törədənlərin bir çoxu peşəkar sürücü deyillər

"Araşdırma aparsaq görərik ki, onların əksəriyyəti sürücülük məktəblərinə getməyiblər. Bir çoxunun sürücülük vəsiqəsini necə alması da sual altındadır"

Dünən Bakının Nərimanov rayonunda iki avtomobil toqquşub, iki nəfər ölüb, iki nəfər yaralanıb. Ziya Bünyadov prospektində “Tofaş” markalı avtomobil “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Tofaş” üç hissəyə ayrılıb, “Hyundai” isə işıq dirəyinə çırpılıb. Qəza nəticəsində iki nəfər hadisə yerində ölüb, iki nəfər isə ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. 
 
  Dəfələrlə sürücülərə edilən xəbərdarlığa, tətbiq edilən cərimələrlə baxmayaraq, bədbəxt hadisələr səngimək bilmir. Nədir səbəb? Niyə sürücülət yol hərəkəti qaydalarını görməzdən gələrək həyatlarını təhlükəyə atırlar?

Bu barədə Sherg.az-a fikirlərini bildirən nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə, çox zaman sürücülər edilən xəbərdarlıqlara biganə yanaşırlar:



“Deyilən sözləri qəbul etmək istəməyən insanlar da var. Onlar üçün maarifləndirici tədbirlərin, verilişlərin heç bir əhəmiyyəti yoxdur. Atalar deyiblər ki, yüz eşitməkdənsə, bir görmək yaxşıdır. Lakin bəzən bu da sürücülər üçün kifayət etmir”. 
 
Ə. Hüseynov düşünür ki, qəza törədənlərin bir çoxu peşəkar sürücü deyillər. Onlar sadəcə avtomobil idarə etmənin ilkin qaydalarını bilirlər. “Qəza törədən sürücülər haqqında araşdırma aparsanız görəcəksiniz ki, onların əksəriyyəti sürücülük məktəblərinə getməyiblər. Bir çoxunun sürücülük vəsiqəsini necə alması da sual altındadır. Sadəcə pedalların yerini tanımaqla, sükanı çevirməklə sürücü olmaq mümkün deyil. Yəni sürücü peşəkarlığı çox aşağıdır. Sürücülük göründüyündən daha məsuliyyətli və ciddi işdir”. 
 
 Ekspert deyir ki, qəzalar zamanı təkcə sürücülərdə günah axtarmaq da düzgüm deyil. Bəzi yollarda qəzalar üçün “əlverişli şərait” var. “Müşahidələr göstərir ki, sürücülərin yüksək sürətlə hərəkət imkanı olan yollarda qəzalara daha çox rast gəlinir. Ziya Bünyədov prospekti də məhz belə yollardandır. Sürücülər mənzil başına 5-10 dəqiqə tez çatmaq üçün yüksək sürətlə hərəkət edir və nəticədə qəza törədirlər. Həmçinin bəzi yollarda radarların, müşahidə kameralarının olmaması da belə neqativ halların başlıca səbəbidir”. 
 
 Onun sözlərinə görə, sürücülərin qanunvericiliyin tələblərinə əməl etmələri qəzaların qarşısının alınması istiqamətində mühüm rol oynaya bilər. “Bəziləri düşünür ki, qanunvericilikdə boşluqlar var. Düzdür, ola bilsin ki, hansısa təkmilləşdirmələr edilməlidir. Amma sürücülər qanunları tanımaq istəmirlər axı. Onlar müəyyən edilmiş tələblərə uyğun avtomobillərini idarə etsələr qəzaların sayı xeyli azalar”. 
                                                           
Kənan Novruzov