Bakıda bu qəzalı məktəblə bağlı araşdırma aparılır - RƏSMİ 


Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən, qəzalı vəziyyətdə olan 320 nömrəli tam orta məktəblə bağlı araşdırma aparılır.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Bildirilib ki, 320 nömrəli tam orta məktəbə Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. Məktəb binasının vəziyyəti ilə bağlı mütəxəssislərin verəcəyi rəyə uyğun olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq qərar qəbul ediləcək.

Xatırladaq ki, Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən 320 nömrəli tam orta məktəb binası üçmərtəbəlidir. 844 şagirdin təhsil alması üçün nəzərdə tutulan məktəb binası 48 sinif otağından ibarətdir. Qəzalı vəziyyətdə olan məktəbdə bu gün 1556 şagird təhsil alır. Məktəbdə təhsil alan uşaqların valideynləri iddia edirlər ki, məktəb binasının divarlarında çatlar var.