Problemli kreditlərin həcmi artıb! – Səbəb: “İnsanların gəliri azalıb”

Ötən ilin dekabr ayından bu ilin aprelinə kimi olan aralıqda Azərbaycan banklarında vaxtı keçmiş kreditlərin həcmində aybaay artım qeydə alınıb. Mayda cüzi azalmadan sonra iyundan artım bərpa olundu. Avqustun 1-i tarixinə kredit təşkilatlarının portfelində 937,5 milyon manat həcmində vaxtı keçmiş kredit olub. Bu, ötən ayla müqayisədə 2,5 faiz çox, ilin əvvəlinə nisbətən 5 faiz çoxdur.

Problemli kreditlərin artımı bankların son zamanlar nümayiş etdirdiyi aqressiv kredit siyasəti fonunda baş verir. Belə ki, kredit təşkilatları vətəndaşlara SMS göndərərək onlara əmək haqqının 10-20 misli qədər borc təklif edir. Onlar bəzi hallarda başqa bank qarşısında aktiv öhdəliyi olan şəxslərə belə kredit verməyə hazır olduqlarını bəyan edirlər. Bəs problemli kreditlərin həcminin artımı və bankların aqressiv kredit siyasəti aparması nə ilə əlaqədardır?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında məsələyə aydınlıq gətirdi: 

“Bu, pandemiya ilə bağlıdır. Bütün dünyada vəziyyət eynidir. İnsanların gəliri azalıb, biznesin aktivliyi aşağı düşüb. Ona görə də vətəndaşlar, o cümlədən sahibkarlar kreditlərini vaxtlı-vaxtında ödəyə bilmirlər”.