Ərzaq məhsulları bahalaşır!- Səbəb:“Məmur sahibkarlığı...”

Ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində yenidən artım hiss olunur. Əslində bu, daha o qədər təəccüblü deyil. Təəssüf ki, eyni tendensiya iki-üç aydan bir  təkrarlanır. Bilmirəm, qiymətlərin ucuzlaşan vaxtı olacaqmı və mən bir jurnalist kimi sevinərək, necə deyərlər, gözüm-könlüm açılaraq oxuculara bu barədə xəbər verə biləcəmmi.
Nə qədər bahalaşmadan danışasan, yazasan?! Ya da qiyməti nə qədər, haradək artırasan?!

Vətəndaşların narazılıqları az deyil. Onlar xüsusilə süd məhsullarının, o cümlədən yağın, dondurmanın bahalaşdığını deyirlər.
“Yoqurtların qiyməti 45 qəpik bahalaşıb. Dondurma da var ki, bir gündə 15 qəpik bahalaşdı”- deyən, gücü bu barədə “Facebook”da status yazmağa çatan sakinin əməkhaqqı da, görəsən, artırılırmı?! Mən inanmıram. 



İqtisadçı-alim Nazim Bəydəmirli bahalaşmanın səbəblərini “Sherg.az”a sadaladı: 

“Bu, bəzən mövsümi xarakter daşıyır. Amma yeganə məqam mövsümlə bağlı deyil. Belə olsa, yay aylarında meyvə daha ucuz olardı. Bahalaşmanın köklü səbəbləri var - məmur sahibkarlığı, inhisarçılıq, gömrük orqanlarının fiskal siyasəti…

Nəzərə almaq lazımdır ki, Azərbaycan əsas qida məhsulları baxımından özü - özünü təmin edə bilmir.

Üstəlik, kənd təsərrüfatı ilə məşğul olmaq üçün pay torpağı paylanan vətəndaşlar bu və ya digər səbəbdən iqtisadi miqrasiya etməli olurlar.

Üstəlik, böyük holdinqlərin “söz sahibi” olması, vətəndaşın pay torpağından istifadənin məhdudlaşdırılması, suvarma suyunun olmaması, Kənd Təsərrüfatı nazirliyinin fəaliyyəti, yarıtmaz kadr siyasəti vəziyyəti bir az da pisləşdirir və birbaşa vətəndaşların sosial imkanlarına təsir göstərir. Deməli, kompleks yanaşmaya ehtiyac var”.