Avtomobillər bahalaşa bilər:“5-10 faiz civarında...”

Ötən ilin sonlarından başlayaraq dünya bazarında avtomobillərin qiymətində müəyyən artım müşahidə edilməyə başlayıb. Bu ilin əvvəlində isə ekspertlər açıqlamışdı ki, 2021-ci ilin sonuna qədər avtonəqliyyat vasitələrinin qiyməti modelindən asılı olaraq 5-10 faiz civarında artacaq. Bahalaşmaya səbəb kimi isə yük konteynerlərinə olan tələbatın artması, pandemiya ilə əlaqədar tətbiq edilən sosial məsafə tədbirləri nəticəsində müəyyən avadanlıqların istehsalının azalması və başqa səbəblər göstərilirdi.

 Bahalaşma ilə bağlı “Sherg.az”a danışan nəqliyyat üzrə ekspert İlqar Hüseynli avtomobillərin qiymət artımının iqtisadi səbəblərdən olduğunu düşünmür:

 “Ümumiyyətlə, bahalaşmanın proqnozlaşdırılması özünü o zaman doğruldur ki, istehsalçı ölkə və yaxud zavod əvvəlcədən bəyan edib istehsal etdiyi məhsulun qiymətini qaldıracağını deyir.

Ancaq gömrük orqanları tərəfindən hansısa istehsal vasitəsi, o cümlədən avtomobillərin bahalaşmasına dair qabaqcadan anons verməsi artıq onların şəxsi prinsipləri əsasında ola bilər.

Yəni hansısa iqtisadi əsas olmadan bahalaşma proqnozunu verməkləri mümkündür. Lakin bir məqam var: Məsələn, ölkəmizdə devalvasiyanın qarşısı alınıb, ancaq avro məkanında olan devalvasiyalar davam edir. Sadəcə bizim dollar məkanında 1.70 olan kurs süni şəkildə Mərkəzi Bank tərəfindən qorunub saxlanılır. Ola bilsin ki, avro məkanındakı durumdan irəli gələrək payızda 5-10 faiz civarında bahalaşma müşahidə olunsun.

Kimsə bu durumdan çıxış edərək avtomobillərin və ya digər məhsulların bahalaşmasına dair proqnoz verə bilər.

Çünki aldığımız avtomobillərin böyük əksəriyyəti Avropa məkanından, xüsusilə Almaniya və Fransadan gətirilir. Bir sözlə, avtomobillərin bahalaşmasını avronun devalvasiyası ilə əlaqələndirmək olar. Amma qəti şəkildə mütləq 5 faiz bahalaşma olduğunu demək heç bir iqtisadi əsaslandırılmış proqnoz deyil. Görünür, bu, avtomobillərin daşınması zamanı qiymət siyasətini nəzarətdə saxlayan İqtisadiyyat Nazirliyi və gömrük orqanlarının gəldiyi şəxsi qənaətindir.

Yəni demək istəyirlər ki, istədiyimiz kimi və süni şəkildə avtomobillərin gömrük rüsumu və qiymətlərinə hansısa əlavələr edəcəyik”.