İpoteka kreditləri ilə bağlı PROBLEMLƏR:“İki məsələ həllini tapsa...”

“Daha ciddi irəliləyişlər əldə etmək olar və mənzilə çıxış imkanları genişlənə bilər”

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 37 001 borcalana 2 milyard 012,647 milyon manat kredit verib.  Bu barədə İKZF-in açıqlamasında bildirilir. Bundan başqa, qurumdan bəyan edilib ki, indiyə qədər 278,743 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 344 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.
Amma müşahidələrə əsasən deyə bilərik ki,  ölkədə əhalinin bütün qisimləri  bu fondun imkanlarından açıq şəkildə yararlana bilmir. İKZF-nin təklif etdiyi seçimlərin məhdud olması cəmiyyətin aşağı təbəqələri üçün problem yaradır.

Bu sahədəki durumu dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli  “Sherg.az” a bildirib ki, ipotekanın verilməsində vəziyyət ürəkaçan deyil:

“İpoteka kreditlərinin həcmi çox azdır. Bunun səbəbi faizlərin hələ də yüksək olmasıdır. Yalnız sosial ipoteka insanlara sərf edən səviyyədədir. Amma onun da həcmi və sayı yetərli deyil. 

Digər ipoteka növləri isə daha bahadır. Faiz nisbətləri 8-14 arasında dəyişir. Bu isə çox zaman vətəndaşlara sərf edən faiz dərəcəsi olmur. 

Bir də təklif çox deyil, ipoteka ilə satılan mənzillərin sayı aşağıdır. Mənə elə gəlir ki, bu iki problem həllini tapsa, ipoteka ilə daha ciddi irəliləyişlər əldə etmək olar və mənzilə çıxış imkanları genişlənə bilər”.

Çimnaz Şahlar