Dünyanın ağlar üzü...

Ukrayna müharibəsi bəşəriyyəti qlobal ərzaq qıtlığı ilə üz-üzə qoyub

"Böyük dövlətlərin nazirləri Rusiyanı süni surətdə qıtlıq yaratmaqda ittiham ediblər. Onların sözlərinə görə, Ukraynaya qarşı işğalçı müharibənin davamı dünyada başqa böhranlar da yaradacaq"


   BMT Baş katibi Antonio Quterreş Rusiyanın Ukraynadakı taxıl ixracına yaratdığı əngəlləri aradan qaldıracağı təqdirdə ona qarşı sanksiyaları yumşaltmağı təklif edib. Məlumata görə, hazırda Quterreş Ukrayna ərzaq ixracatını dünya bazarlarına açmaq və qlobal ərzaq qıtlığının qarşısını almaq üçün Rusiya, Türkiyə və digər ölkələrlə danışıqlar aparır.

Rusiya və Ukraynanın BMT-dəki nümayəndələri bununla bağlı şərh verməkdən imtina ediblər. Sirr deyil ki, dünyanın əsas taxıl ixracatçılarından olan Rusiya və Ukrayna müharibə apardıqlarından taxıla ehtiyac artıb. Rusiya taxıl ixracatına nəzarəti və qiyməti artırıb. Ukrayna isə ümumiyyətlə taxılını dünya bazarlarına çıxara bilmir. Çünki Rusiya Ukraynanın dəniz limanlarına giriş və çıxışlara imkan vermir. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, ötən gün toplanan “böyük yeddilərin” xarici işlər nazirlərinin toplantısında ərzaq təhlükəsizliyi mövzusuna xüsusi diqqət yetirilib. Ekspertə görə, əslində bu mövzu iqtisadiyyat və kənd təssərrüfatına başçılıq edən nazirlərin səlahiyyətinə aid olsa da, ərzaq və taxıl qıtlığı qlobal təhlükəsizlik problemi yaratmağa başlayıb: 

“Ona görə də bu mövzunu xarici işlər nazirləri də müzakirə edirlər. 

“Böyük yeddilərin” toplantısında çıxış edən Almaniyanın Xarici işlər naziri Annalena Berbokun sözlərinə görə, Ukraynadakı vəziyyət dəyişməzsə dünyada aclıq ehtimalı artacaq. “Rusiyanın əməlləri sayəsində taxıl qıtlığı yaranıb, dünyanın bütün ölkələrində qiymətlər artıb” deyən almniyalı nazir sərt aclıq təhlükəsi yaranacağı barədə həmkarlarını xəbərdar edib. Böyük dövlətlərin digər nazirləri də Rusiyanı süni surətdə qıtlıq yaratmaqda ittiham ediblər. 

Onların sözlərinə görə, Ukraynaya qarşı işğalçı müharibənin davamı dünyada başqa böhranlar da yaradacaq. Moskva bu ittihamları qəbul etmir. Rusiyalı rəsmilər və diplomatlar əksinə, ərzaq qıtlığına və böhrana görə Qərb ölkələrini ittiham edirlər. Onların məntiqinə görə, böhranın səbəbi Qərbin Rusiyaya qarşı tətbiq etdiyi müxtəlif sanksiyalardır. Halbuki, əsl səbəb Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibədir. Rusiya Ukraynaya hücum etməsəydi, “böyük yeddilər” Rusiyaya qarşı sanksiyalar tətbiq etməzdilər. 

Bu arada, dünyanın ən böyük taxıl istehsalçılarından olan Hindistanın taxıl ixracını qadağan etməsi dünyada taxıla olan tələbatı daha da artırıb. Dehli bu qərarı daxili bazarda qiymətlərin artmasına nəzarət tədbirləri ilə əlaqələndirib. Əsl səbəb isə Hindistanda havaların isti keçməsidir. Hindistanda taxıl yetişdirilən ərazilərdə havaların kəskin isti keçməsi daxili bazarda bu məhsulun qıtlığı ilə bağlı ciddi narahatlıq yaradıb. Halbuki, Hindistanda bu il ötən illə müqayisədə 2,5 faizdən çox, 111,3 milyon ton taxıl yığılıb. Hazırda Hindistanın anbarlarında nəzərdə tutulandan, təxminən 2 dəfə çox taxıl ehtiyatı var. Buna baxmayaraq, rəsmi Dehli taxılın ixracatını artırmağı düşünmür”.

Analitik bildirib ki, Hindistanın bu addımı bir çox ölkə tərəfindən tənqid olunub: 

“Hindistan “böyük iyirmilərdən” biridir. “Böyük yeddilərin” toplantısında Hindistana müraciət edilərək məsuliyyətli olmağa çağırılıb. Əslində Rusiya Ukraynaya qarşı müharibəyə başladıqda Dehli müxtəlif ölkələrə taxıl ixracatını artıra biləcəyini elan etmişdi. Ancaq havaların isti keçməsi Dehlinin qərarının dəyişməsinə səbəb olub. Azərbaycan bu vəziyyətdə həm taxıl istehsalını artırmaq, həm də anbarlarda un ehtiyatını artırmaq barədə düşünməlidir”.