Nağdsız ödəmələrin miqyası getdikcə daha çox artacaq - İqtisadçı

 “Yaxşı olar ki, vətəndaşlara məxsus plastik kartlar digər ölkələrə səfərlər zamanı da işlək olsun”

  Son beş il ərzində Azərbaycanda kartla ödəmələrin həcmi 14,1 dəfə, 2022-ci ildə isə 2021-ci illə müqayisədə 2,2 dəfə çox artıb. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” konfransında deyib. "Qeyd etmək istəyirəm ki, 2022-ci ildə nağdsız ödənişlər ümumi dövriyyənin 43,5 faizini təşkil edib", - o deyib. Z.Nuriyev 2022-ci ilin yekunlarına əsasən, Azərbaycan banklarının kredit portfelinin 19,6 milyard manat olduğunu, hesabat dövründə banklardakı depozitin 33,8 milyard manat təşkil etdiyini qeyd edib. "Bu göstəricilər əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Hesab edirəm ki, bu cür dinamik artımın əsasında bankların aktiv şəkildə tətbiq etdiyi rəqəmsallaşma dayanır", - o deyib. Z.Nuriyevin sözlərinə görə, ötən il ABA hüquqi bazanın optimallaşdırılması istiqamətində 80-dən yuxarı addım atıb. "Bu il ölkəmizin maliyyə sektorunun sadələşdirilməsinə və sürətli inkişafına yönəlmiş qanun layihələrinin qəbul ediləcəyini gözləyirik", - o əlavə edib.
İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında kartla ödənişlərə üstünlük verilməsinin səbəblərini açıqladı: 
- Xatırladım ki, yanvarın 1-dən Vergi Məcəlləsində yeni dəyişikliklər qüvvəyə mindi. Dəyişikliklərdən biri də “ƏDV-ni geri al” qaydaları ilə bağlıdır. Dəyişikliyə əsasən, yanvar ayından etibarən plastik kartdan istifadə edərək alış-veriş edən vətəndaşlarımız üçün ƏDV-nin 15 deyil, 17,5 faizi geri qaytarılacaq. Nağd şəkildə ödənişlər zamanı isə ƏDV-nin 10 deyil, beş faizi geri qaytarılır. Bu da vətəndaşları nağdsız ödəmələrə istər-istəməz təşviq edir. Ödəmə kartlarına toplanan faizlər, kəşbeklər hesabına insanlar əlavə alış-veriş edə bilirlər. İkincisi, ƏDV faizlərinin nağdsız ödəmələrə görə daha artıq faizlə geri qaytarılması dövlətə sərf edir. Vergidən yayınmaların qarşısını almaq, vergilərin dövlət büdcəsinə daxilolmalarını artırmaq, ticarət dövriyyəsinə, gəlirlərə dövlət nəzarətini gücləndirmək üçün nağdsız ödəmələr tutarlı vasitədir. Bir halda ki, nağdsız ödəmələr vətəndaşa da xeyirlidir, niyə də ondan çox istifadə edilməsin? Başqa məsələ ölkədə keçərli olan plastik kartları xarici ölkələrdə də keçərli etməkdir. Yaxşı olar ki, vətəndaşlara məxsus plastik kartlar digər ölkələrə səfərlər zamanı da işlək olsun. Beynəlxalq ödəmə kartları mövcuddur, amma bu kartlara da hamı sahib deyil. 
İqtisadçı qeyd etdi ki, nağdsız ödəmələrin miqyası getdikcə daha çox artacaq: 
- Məlumdur ki, işğaldan azad olunan ərazilərimizdə nağdsız ödəniş edən vətəndaşlarımız üçün ƏDV-nin geri qaytarılacaq faizi 30-a yüksəldilib. İşğaldan azad edilmiş ərazilərdə nağdsız ödəmələr zamanı ƏDV-nin 30 faizi geri qaytarılacaq. Plastik kartdan istifadə edərək ödəniş edən vətəndaşlarımıza 2023-cü ildən etibarən daha çox vəsait geri qaytarılacaq. Bu baxımdan nağdlı deyil, nağdsız ödəniş daha məqsədəuyğundur və eləcə də iqtisadiyyatın leqallaşması baxımından çox vacibdir.