Siqaret də bahalaşıb, spirtli içkilər də

Ona görə son illər bu zərərli vərdişlərdən istifadəçilərin sayında azalma var

Hökumət aksiz marka ilə markalanma tələb etməklə, dolayısıyla vətəndaşların bu məhsullardan çəkinməsinə yardım etmiş olur

  Azərbaycanda istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların siyahısı təsdiqlənib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara izahda qeyd olunur ki, dövlət tərəfindən kölgə iqtisadiyyatının miqyasının azaldılması, sahibkarlıq subyektlərinin şəffaf şəkildə fəaliyyət göstərməsi, habelə qanunsuz sahibkarlıqla mübarizə tədbirləri davamlı və ardıcıl olaraq həyata keçirilir. Həyata keçirilən bu tədbirlər müasir dövrdə informasiya texnologiyalarının aktiv şəkildə tətbiqini zəruri edib. Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) sistemi yaradılıb və tətbiqin bu sistem vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) sisteminin tətbiqi istehsaldan və idxaldan son istehlakçıyadək olan bütün dəyər zənciri üzrə aksiz markası ilə markalanmalı malların dövriyyəsinə nəzarəti həyata keçirməyə imkan verir ki, bu da öz növbəsində kölgə iqtisadiyyatının aradan qaldırılmasında, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınması ilə yanaşı istehlakçıların hüquqlarının qorunmasında da mühüm rola malikdir. “Təqib və İzləmə” Sistemi dünyanın bir çox ölkələrində müəssisə və təşkilatlar üçün strateji prioritetə çevrilib. Belə ki, qeyd edilən Sistem təchizat zəncirlərinin təhlükəsizliyini və etibarlılığını yüksəldən həlləri işləyib hazırlamağa, rəqabətə davamlı mövqedə qalmağa imkan verir. Qərarda aksiz markası və məcburi nişanlanma tətbiq olunan malların siyahısı da verilib. Bura,  içməli spirt (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti),  araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, konyak və konyak materialları, şampan şərabı, likör və likör məmulatları,  şərab və şərab materialları,  pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli içkilər, energetik içkilər və tündləşdirilməmiş alkoqollu içkilər (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) daxildir. Məcburi nişanlanmalı olan mallar sırasında isə  tütün məmulatları, elektron siqaretlər üçün maye, istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlər, habelə qəlyan üçün tütünlər və tütün əvəzləyiciləri,  qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulları, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri qeyd edilib. 

  “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov bildirdi ki, bu qərar adıçəkilən mal və məhsulların dövriyyəsinin uçotunun aparılmasını aktivləşdirmək və daha ciddi nəzarət həyata keçirmək məqsədi daşıyır: 

- Müəyyən mal və məhsulların aksiz markası ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmasının tələb edilməsi uçot və nəzarətlə yanaşı, həm də qeyri-qanuni istehsalın və vergidən yayınmaların qarşısının alınması üçündür. Aksiz markası olmayan məhsul, ya qaçaq maldır, ya da qanunsuz istehsaldır. Bunların qarşısını almaq üçün kompleks tədbirlər görülür, aksiz marka ilə markalanma və məcburi nişanlanma tələbi də bu tədbirlərə daxildir. Başqa bir məsələ, əhalinin sağlamlığına ziyan vuran məhsullardan daha az istifadəsini təşviq etməkdir. Məhsulun satışı üçün aksiz marka ilə markalanması tələb olunur. Aksiz markasında məhsulun yerli istehsal, yaxud idxal məhsul olduğu qeyd edilir. Bu markalanma üçün istehsalçı, yaxud idxalçı müəyyən miqdarda ödəmə həyata keçirməlidir. Hər məhsula görə ödəmə miqdarı fərqlidir. İstehsalçı, yaxud idxalçı aksiz markalanma üçün ödədiyi məbləği məhsulun satış qiymətinə əlavə edir. Bu, adi iqtisadi qaydadır. Ona görə də məhsulun qiyməti yüksəlir. Qiymətin yüksəlməsində spirtli içkilərin, tütün məmulatlarının idxal vergisinə, ƏDV-yə cəlb edilməsi də təsir edir. Hansısa zəruri tələbat malları ƏDV-dən azad edilsə də, spirtli içki və tütün məmulatlarına münasibətdə saxlanılır. Hökumət aksiz marka ilə markalanma tələb etməklə, dolayısıyla vətəndaşların bu məhsullardan çəkinməsinə yardım etmiş olur. Məsələn, son illərdə siqaret istifadəçilərinin sayında azalma olduğunu, siqaret çəkənlərin də günlük “normanı” azaltdığına şahid oluruq. Niyə? Çünki siqaretin qiyməti bahalaşıb, həmçinin spirtli içkilərin də. Aksiz markalanma, nişanlanma tələbi bir tərəfdən dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasını təmin edirsə, digər tərəfdən də əhalini ziyanlı, zərərli bir sıra məhsullardan çəkinməyə sövq edir.