Hər kəs sumkasında torba gəzdirəcək

Amma bunun ekologiyamıza heç bir müsbət təsiri olmayacaq

  Polietilen paketlərin ödənişli edilməsi super-marketlərdən əlidolu çıxmağa alışıq olanların ovqatını təlx edib. Guya ki, dünənədək (XX əsrin sonlarınadək) parça  zənbillərlə mağazalara gedən biz deyildik. Polietilen paketlər dəbə minəndən evdar xanımlar da parça, hörmə zənbilləri köhnəlik qalığı elan edib onlardan üz çevirdilər. Bir-iki ağıllı adam “polietilen paketlər ziyanlıdır, onları zibillərin təkrar emalından hazırlayırlar, polietilen paketdə çörək, ərzaq, qida məhsulu saxlamayın” desələr də, kimdi eşidən?!. Amma çərxi-fələk tərsinə dövran etməyə başladı. 

Polietilen paketlər yavaş-yavaş dövriyyədən çıxarılır. Bunun əsasən ekologiyanın mühafizəsi məqsədilə edildiyi bildirilsə də, marketlərin polietilen paketlərə konkret məbləğ təyin etməsində həm də qazanc güdüldüyü də şübhəsizdir. Kiçik ölçülü (kartof-soğan toplayıb tərəziyə qoyduğumuz paketlər) polietilen paketlərə görə ödəniş tələb olunmur.  Bu, marketlərə sərf etməz. Marketlər bununla alıcılara “gəlin, pərakəndə satışda olan məhsulları paketə yığın”, çağırışı edir. Amma kassaya yaxınlaşanda əgər kiçik paketləri nisbətən böyük ölçülü paketə qablaşdırmaq istəsəniz, ona görə ödəniş tələb olunacaq. Orta ölçülü paketlərə görə 3 qəpik, böyük ölçülüyə görə isə 5 qəpik çıxılacaq.  Mini-marketlərdə, kiçik ərzaq mağazalarında polietilen paketlər hələ ki, ödənişsizdir. Kiçik mağazalar alıcılarını itirmək istəmir. Super-marketlər isə alıcı itirməyəcəklərinə arxayındır. Çünki polietilen paketlərdən imtina tələbi elə bir vaxtda dövrəyə daxil olub ki, əhalinin 99 faizi marketlərə bağlı haldadır artıq. Super-marketlərdən qaçış mümkün deyil. Bir-iki gün alıcılar çaş-baş qalacaq, sonra yenə hamı vəziyyətə alışacaq. Polietilen paketlərin dəyəri alınan malların qiyməti fonunda itib-batacaq. 

  Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədovunsa polietilen paketlərlə bağlı öz yanaşma tərzi var. Baxaq:         

- Avropa ölkələrində artıq neçə illərdir ki, plastik və plastik olmayan torbalar satılır. Buna görə də hər kəs sumkasında torba gəzdirir. Bəzən də ticarət şəbəkələri  kapron və yığılan torbalar bağışlayır alıcılara. Məndə "Migros"un iki belə torbası var. Oralara gedəndə götürürəm. İndi artıq aeroportların "Duty Free"ləri də torbaları satır. Avropanın bu "dəbi" nəhayət bizə də gəlib çatdı. Amma birincisi, Avropada torbanı satarkən onun qiyməti artıq, satılan məhsulların qiymətinə daxil edilmir.

 İkincisi, Avropada müxtəlif qurumlar mütəmadi olaraq plastik kütlənin az istifadə olunmasını qeydə alırlar. Məsələn, torbalar havayı olanda nə qədər kütlə istifadə olunurdu, indi nə qədər. Nəticə belədir ki, istifadə kəskin azalıb. Bizdə belə olacaqmı? Ümumiyyətlə, bununla bağlı data toplayan qurum varmı? Çox güman ki, yoxdur və olmayacaq. Sadəcə, görüntü yaratmaq (pokazuxa) naminə edilib. Həm də bundan da pul düzəldəcəklər, üstəgəl, bu, əlavə qazanc olacaq və satılan məhsulun qiymətinin azalmasına gətirməyəcək.  

Ölkəyə hibrid avtomobillər gətirilir və onlara gömrük rüsumunda güzəştlər nəzərdə tutulur. Guya ətraf mühitin qayğısına qalırlar. 

Halbuki Azərbaycanda belə avtomobillərin akkumlyatorlarının utilizasiya poleqonu yoxdur. Nəticədə hibrid avtomobillər ətraf mühitə dəfələrlə çox ziyan verir, nəinki dizel yanacağı ilə işləyən avtomobillər.