Regionlarda ətin qiyməti bahalaşdı - SƏBƏB?

Əsas səbəb bazara məhsul çıxaranların xərclərinin artmasıdır

"Təsəvvür edin, ətin qiymətinə 2 manat əlavə ediləndə, bu, 200 kiloqramda 400 manat gəlir əldə etməkdir"

  Paytaxtda ətin bahalaşması regionlardakı qiymət artımı ilə əlaqələndirilir. Yayılan xəbərlərə görə, bölgələrdə dana və quzu ətinin qiyməti bahalaşıb. İsmayıllıda və Şamaxıda ət satışı ilə məşğul olan satıcılar "Trend"ə bildiriblər ki, ətin qiymətində 2 manat artım müşahidə edilir. Onların sözlərinə görə, bir həftədir ki, bazarda quzu ətinin qiyməti 14 manatdan 15 manata, mal ətinin qiyməti isə 11 manatdan 13 manata qalxıb. 

"Budəfəki qiymət artımı mövsümü deyil. Əsas səbəb diri çəkidə alınan mal-qaranın baha olmasıdır", - deyə satıcılar qeyd edib. Bənzər mənzərə Ağsu və Göyçayda da müşahidə olunur. Satıcılar ətin bahalaşmasını ot və yemlə əlaqələndirsələr də, bəziləri hazırda ətlik mal-qaranın azlığını səbəb göstərir. Satıcıların sözlərinə görə, qiymət artımı tələbatın azalmasına səbəb olub. 
  Məsələ ilə bağlı “Şərq” Bərdə fermerləri ilə əlaqə saxlayıb. Bərdədən müxbirimizə bildirilib ki, dana ətinin kiloqramı hazırda 12 manata, quzu əti isə 14 manata satılır. Görünən budur ki, ətin qiymətində 1 manat artım var. Təbii ki, bu artım Bakıya gəlib çıxanadək 2 manata çatır. 1 manat da paytaxta satıcıları qiymətə əlavə edir. Səbəb isə heç də deyildiyi kimi, diri heyvan və ya yem qıtlığı ilə bağlı deyil. Əsas səbəb ümumi qiymət bahalaşmasıdır, hansı ki bütün  ərzaq məhsullarında əks olunur. Məsələn, heyvana verilən arpanın qiymətində də artım var. Kiloqramı 30-40 qəpiyə satılan arpa hazırda 70 qəpikdir.
  Qiymət bahalaşmasıyla bağlı “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, hazırda dünya bazarında ərzaq məhsullarının qiymətində ucuzlaşma gedir, bizdə isə əksinə, bahalaşma: 
- Əsas səbəb diri heyvan qıtlığı, yem qıtlığı, dərman, filan... deyil. Əsas səbəb bazara məhsul çıxaranların xərclərinin artmasıdır. Necə ki siz, mən, bir başqası xərclərinin artdığını əyani şəkildə görür, məsələn, dünənədək nəqliyyat xərclərinə gündəlik 60 qəpik sərf edilirdisə, indi 80 qəpikdir. Eləcə də ərzaq  məhsullarında bu görünür. Kiloqramı 12 manat olan kərə yağı (bu hələ mübahisəlidir ki, əsl kərə yağıdır, yoxsa tərkibində qatqı olan yağdır M.R.) bu gün 14-15 manata təklif edilirsə, digər ərzaq məhsullarında da eyni qayda ilə 30 qəpikdən başlamış 40-50 qəpiyədək artım varsa, bu xərclər üst-üstə toplandıqda ötən ayın xərclərini üstələyir. Bunu regionlardakı, bölgələrdəki fermerlər də gündəlik xərclərində hiss edir. Onlar da sövdələşməyə gedərək bazara çıxardıqları ətin qiymətində artım edirlər. Fermer də elektrik enerjisinə görə ödəniş edir, su xərci, daşınma xərci və sair, bu xərcləri də məhsulun üzərinə əlavə edirlər. Qiymət artımı belə yaranır. 
  F.İbrahimov bildirdi ki, sağlam rəqabətə şərait yaradılsa, bazara daha çox məhsul çıxarılar, məhsul bolluğu da qiymət ucuzlaşmasına səbəb olar: 
- Əslində bazarda defisit olmamalıdır. Amma süni qıtlıq yaratmaqla qiymət artımına əsas göstərmək istəyirlər. Yem qıtlığı da yoxdur. Qış mövsümünün bitmək üzrə olması yem qıtlığına səbəb ola bilər. Lakin fermerlər əvvəlcədən tədarük görürlər. Hamı bilir ki, qışın sonlarına doğru yem qıtlığı yarana bilər. Mövsümündə 5-6 manata aldığı quru otun bir bağlamasını qışın sonlarında 7 manata alacaq. Ona görə də tədarük görürlər. Kiminsə yem ehtiyatı tükənibsə, məcbur olacaq arpanı da, quru otu da yüksək qiymətə əldə etsin. Bu da əlbəttə, ətin qiymətinə də təsir edəcək. Fermer yüksək qiymətə yem alırsa, bunu ətin qiyməti ilə əvəz etmək məcburiyyətindədir. Təsəvvür edin, ətin qiymətinə 2 manat əlavə ediləndə, bu, 200 kiloqramda 400 manat gəlir əldə etməkdir. Amma əhali üçün bu artım çox böyükdür. Biz 2011-ci ildən bazarlarda monitorinq aparırıq. 2011-ci il məxsus qəbzləri ortaya qoysam, partlayış olar. Deyirlər, əməkhaqları da artıb. Əməkhaqqının 20 faiz artımı müqabilində ərzaq məhsullarında da 20 faiz artım baş veribsə, sadə vətəndaşın buna pul çatdırması mümkün deyil.