Qəbiristanlıqlar bələdiyyələrin tabeliyinə keçəndə nə dəyişəcək?” - Vüqar Tofiqli


  “Bəli, qəbiristanlıqlar pulsuz olacaq. Amma bunun üçün hər bir vətəndaşın vaxtlı-vaxtında vergiləri ödəməsi lazımdır”

 Qəbiristanlıqların bələdiyyələrə verilməsi yenə gündəmdədir. Bu təkliflə millət vəkili Siyavuş Novruzov çıxış edib. Milli Məclisin “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə”nin müzakirəsi zamanı Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrlə bağlı bir neçə təklif irəli sürüb. Bələdiyyə üzvlərinin sayının azaldılmasının vacib olduğunu deyən millət vəkili böyük şəhər bələdiyyələrinin yaradılmasından danışıb: “Bakı, Sumqayıt və Gəncə kimi şəhərlərdə Böyük Şəhər bələdiyyələri yaradılmalıdır. Bələdiyyələrin sərhədlərinin müəyyənləşdirilməsi və elektron xəritələrin verilməsi prosesi başa çatmalıdır. Qəbiristanlıqların da bələdiyyələrə verilməsi təmin olunmalıdır. Hazırda bununla bağlı müzakirələr aparılır və inanıram ki, yaxın gələcəkdə həllini tapacaq”.
Bələdiyyələrlə bağlı müzakirələr illərdir aparılır, lakin hələ də ortada konkret bir nəticə yoxdur. Bələdiyyələr hələ ki yalnız ittiham edilir; torpaqların satılması, sənədsiz evlərin qeydiyyatının aparılmaması və sair məsələlərdə. Qəbiristanlıqların bələdiyyələrin tabeliyinə verilməsi də yeni təklif deyil. Bu məsələ də uzun zamandır masadadır, lakin görünən budur ki, hansısa qurumlar qəbiristanlıqları əldən vermək istəmir. Bu məsələ dəfələrlə Parlamentdə qaldırılsa da, qanunverici orqan olan Milli Məclis bir qərar verə bilmir. Xatırladaq ki, ədliyyə nazirinin müavini Vilayət Zahirov bir müddət əvvəl elə məhz bu illik məruzənin müzakirəsi zamanı qeyd etmişdi ki, qəbiristanlıqların bələdiyyələrə tam təhvil verilməsi prosesi hələ başa çatmayıb. Nazir müavini xəritə məsələsinə də toxunmuşdu: “Ölkədə fəaliyyət göstərən 1600 bələdiyyənin 1 215-də xəritələrin verilməsi başa çatıb. Bu məsələnin gecikməsinin müəyyən obyektiv səbəbləri var. Misal olaraq, bəzən meşə fondu ərazilərinə daxil olan torpaqlarla bağlı aidiyyəti üzrə dəqiqləşdirmə aparılmalıdır. Yaxud da bəzi qurumlarla ziddiyətli məqamlar da olur. 84 bələdiyyədə bu məsələ ilə əlaqəli müəyyən fikir ayrılıqları var. Bəzən bələdiyyə aktları Ədliyyə Nazirliyinin müvafiq şöbəsinə göndərildikdə sərhədlərin dəqiq göstərilməsi zərurəti ortaya çıxır. Xəritələr hələ tam hazır olmadığından məsələ yubanır. Qəbiristanlıqların da bələdiyyələrə tam təhvil verilməsi hələ başa çatmayıb. Bunun da bir neçə səbəbi var. Regionlarda və bir çox kəndlərdə qəbiristanlıqlarla bağlı sənədlərin, xəritələrin, pasportların olmaması gecikməyə səbəbdir”. 
  Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli “Şərq”ə açıqlamasında təklifərin hamısının müsbət olduğunu, lakin həyata keçirilməsində hələ də problemlər yaşandığını dedi:
- Bu müzakirələr neçə vaxtdır aparılır. Bələdiyyə üzvlərinin sayının azaldılması, böyük şəhər bələdiyyələrinin yaradılması... bunlar ciddi məsələlərdir. Böyük şəhər bələdiyyələrinin yaradılması təzə məsələ deyil, bu, Avropa Birliyi qarşısında götürülmüş öhdəliklərdən biridir və ona əməl edilməlidir. Qəbiristanlıq məsələsinə gəlincə, Milli Məclis bununla bağlı qərar qəbul edib. Amma proses hələ də başa çatmayıb. Qəbiristanlıqların bələdiyyələrə tam təhvil verilməsi prosesində yubanma var. Bu da bir neçə səbəblə bağlıdır. Normativ hüquqi sənədlər hazırlanmalıdır, rayon icra hakimiyyətləri də bu məsələdə üzərinə düşəni etmir. Ümumiyyətlə, bələdiyyələrə münasibət dəyişməlidir. Biz vətəndaşlardan da çox şey asılıdır. Vətəndaşlar yerli özünüdarəetmə orqanı olan bələdiyyələrlə sıx işləməlidir. Qəbiristanlıqlar məsələsində tez-tez sual verirlər ki, qəbiristanlıqlar bələdiyyələrin tabeliyinə keçəndə nə dəyişəcək? Qəbir yerləri pulsuzmu olacaq artıq? Bəli, qəbiristanlıqlar pulsuz olacaq. Amma bunun üçün hər bir vətəndaşın vaxtlı-vaxtında vergiləri ödəməsi lazımdır ki, bələdiyyənin öz büdcəsi formalaşsın. Əlbəttə, dövlət dəstəyi də mühümdür. Bələdiyyələr seçicilərlə işləyən orqan olduğundan yerli əhəmiyyətli məsələlər bələdiyyələrin səlahiyyətinə verilməlidir, o cümlədən də qəbiristanlıqlar. Vətəndaşlar da üzərlərinə düşəni etsə, məsuliyyətli olsalar, bələdiyyələr maliyyə baxımından da güclənər.  Türkiyədə bu sistem oturuşub. Bələdiyyə bağçaları, məktəblər, parklar, istirahət mərkəzləri, klinikalar,  bələdiyyə  avtobusları var. Bələdiyyələr vətəndaşların ehtiyaclarını qarşılayır. Çünki büdcələri buna imkan verir. Bizdə də bələdiyyələrin tutumlu bir büdcəsinin formalaşması üçün maliyyə qaynaqlarına çıxışı təmin edilməlidir.