Qaz təlaşı artıq arxada qaldı

Ötən illərlə müqayisədə bu il sərt qış müşahidə edilmədi

İlham Şaban Avropada qazın qiymətinin ucuzlaşmasını mülayim hava şəraiti ilə əlaqələndirib


  Avropada təbii qazın birja qiyməti 4 faiz düşüb.
 Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın mart fyuçerslərinin qiyməti günə 554,9 dollarla (-0,8 faiz) başlasa da, sonradan 537 dollaradək (-4 faiz) düşüb. Dinamika əvvəlki ticarət günü – ötən həftənin cümə günü qeydə alınmış hesablaşma qiymətinə (min kubmetr üçün 559,1 dollar) əsasən hesablanır.

  Xatırladaq ki, ötən ilin analoji dövründə təbii qazın qiyməti hazırkı qiymətdən təxminən 3 dəfə yüksək olmaqla, 1555,5 dollar təşkil edirdi.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban isə “Şərq”ə açıqlamasında Avropada qazın qiymətinin ucuzlaşmasını  mülayim hava şəraiti ilə əlaqələndirib. 

Onun sözlərinə görə, ötən illərlə müqayisədə bu ilin qış aylarında temperatur nisbətən yüksək oldu, daha doğrusu, sərt qış müşahidə edilmədi. Digər əsas səbəb isə Avropanın yeraltı qaz  anbarlarını maksimum doldurmasıdır: “Son həftə ərzində Avropada qazın qiyməti 550 dollar ətrafında dəyişir. İlin əvvəlində isə qiymətlər 800 dollardan bir az yuxarı idi. Ötən ilin maksimum göstəricisi ilə müqayisədə qazın qiyməti 7 dəfə  ucuzlaşıb. Ötən ilin  avqustunda qazın qiyməti 3200 dollara qədər qalxmışdı.  Səbəb isə Rusiya Şimal Axını-1 kəməri ilə Avropaya təbii qaz nəqlini dayandırmışdı. Sonradan isə boru kəmərlərinin  partlaması  bəhanəsi ilə qaz nəqlini bərpa eləmədi. Halbuki Rusiya Avropaya qaz nəqlini partlayışdan əvvəl azaltmışdı. 

  Həmin aylar qaz ixracının məhdudlaşdırılması  bazara emosional təsir etdi  və qiymətlər bahalaşdı. Həm də o zaman Avropa qışı necə keçirəcəyini, hansı tədbirlər görəcəyini bilmirdi. Amma xoşbəxtlikdən bu il Şimal yarımkürəsində son 35 ilin ən mülayim qışıdır. Bunun nəticəsində gözləntilərin tam əksinə olaraq Avropa  nə dondu, nə də qazın qiymətləri fantastik dərəcədə bahalaşdı. Hava şəraitinə görə,  Avropa yeraltı anbarlardan qaz götürmədi. Tələbat azaldığından qazın qiyməti ucuzlaşmağa başladı. Əslində Azərbaycan üçün də eyni hal keçərlidir. Sadəcə, bizim müvafiq qurumlar qış dövrü üçün yeraltı qaz anbarlarında neçə kubmetr  qazımız olduğunu heç vaxt açıqlamır. Avropada isə aidiyyəti orqanlar gündəlik olaraq bu cür açıqlamalar verirlər”. 

  Avropada anbarların 62,3 faiz dolu olmasına diqqət çəkən ekspert qaz təlaşının artıq arxada qaldığını qeyd edib: “Bu rəqəm fevral ayının 20-nə olan statistikadır və kifayət qədər böyük rəqəmdir. Belə ki, Avropada istilik mövsümü marta qədərdir. Ondan sonra isə iqlimdən asılı olaraq yeraltı qaz anbarlarının doldurulmasına başlanılır. Ötən ilin may ayında  Avropa Kommissiyasının  vətəndaşlara və biznes qurumlarına qənaətlə bağlı etdiyi müraciət praktikada özünü çox gözəl göstərdi. Avropalılar qaza qənaət etməyi öyrəndilər. 

Avropa əhalisi qaza 15 faiz qənaət etməyi planlaşdırdığı halda bu rəqəm 21 faiz oldu. 2021-ci ildə Avropada 550 milyard  kubmetr qaz  istehlak olunmuşdusa, ötən ili 100 milyard kubmetr daha aşağı qaz istehlakı ilə başa vurdular. 

Nə işıqları kəsildi, nə də soyuqdan donub öldülər. Enerjinin qiymətinin kifayət qədər artmasına rəğmən bir nəfər belə olsun küçəyə çıxıb  hökumətə etiraz etmədi. Bir sözlə, Avropa bütün diqqətini bu problemi həll etməyə yönəltdi və  Avropanın “donması” ilə bağlı Rusiyanın“qaz şantajı” planları  özünü doğrultmadı. Avropada hökumət-vətəndaş birliyinin, qarşılıqlı etimadın sayəsində qaz getdikcə ucuzlaşır. Hətta ilin 3-cü rübünün sonlarına doğru qazın qiyməti daha da aşağı düşəcək. Ötən ilin birinci yarısında Avropa Rusiyadan 90 milyard kubmetr qaz almışdı, ümumilikdə isə il ərzində Avropanın qaz idxalı 101 milyard kubmetr olmuşdu. Ondan əvvəlki il isə bu rəqəm 155 milyard idi. Avropa İttifaqında Rusiya qazının xüsusi çəkisi 40 faizdən 6 faizə qədər azalıb.  Yaranmış vəziyyətdə başqa təchizatçılar axtarılır, bərpa olunan enerjiyə sürətli keçmək istiqamətində planlar cızılır.
  O cümlədən də Azərbaycan qazının idxalının artırılması gündəmdədir. Məhz bu imkanlar sayəsində Avropa Rusiya qazı olmadan da keçinə bilir”.