Qadınların pensiya yaşı azaldıla bilər: “İqtisadi gücümüz çatır”

"Sözügedən məsələlərdə müəyyən olunmuş standartları gözləyirik. Son 5 ildə qəbul edilmiş pensiya yaşı ilə bağlı differensial şəkildə artımla irəliləyirik".
Bunu "Sherg.az"a iqtisadçı Fuad İbrahimov Ombudsmanın qadınların pensiya yaşının azaldılması təklifinə münasibət bildirərkən deyib. Ekspert söyləyib ki, hər bir ölkədə, cəmiyyətdə pensiya yaşına daha tez zamanda çatmağı gözləyən insanlar var:

"Həmin adamlar ömürlərinin müəyyən bir hissəsini pensiyalarından istifadə edərək, yaşamaq istəyirlər. Bu, aksiomdur. Mövcud təklif əlbəttə, reallaşa bilər. İrəli sürülən fikrin həyata keçirilməsi hökumətin baxışları və imkanlarından asılıdır. 

Buna ölkəmizin iqtisadi gücü də kifayət qədər çatır. Son dövrlərdə Azərbaycanın xarici borcun azalıb. Xarici dövlət borcu Ümumi Daxili Məhsulun (ÜDM) səviyyəsində kifayət qədər risksiz şəkildə aşağı düşüb. 

Bütün bunlar hökumətin apardığı siyasət və maliyyə dayanıqlığı nəticəsində baş verib. Yəni iqtisadi cəhətdən heç bir problem yoxdur. Sadəcə baxışlar, həmçinin elmi-tədqiqat institutları, Milli Məclis və dövlət nəzarətini həyata keçirən qurumların bir araya gələrək, layihə ilə çıxış etməsi lazımdır".

Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) qadınların pensiya yaşının azaldılmasını təklif edir. Bu, Ombudsmanın 2022-ci il üzrə illik məruzəsində əksini tapıb. Bildirilib ki, Azərbaycan cəmiyyətində və ailədə qadının rolu, ailə qayğılarından irəli gələrək, onun üzərinə düşən məsuliyyət nəzərə alınaraq, işləyən qadınların pensiya yaşının getdikcə artırılaraq, 2027-ci il 1 iyul tarixinədək 65 yaş həddinə çatdırılması məqsədəmüvafiq deyil. Bu baxımdan qadınların pensiya yaşının azaldılmasına ehtiyac var.