Şuşaya turist səfərləri başlayır

İki günlük turlar üçün bir gün gecələmənin qiyməti 215 manatdır

Fuad İbrahimov: "Kütləvi gedişlərsə təhlükəlidir və vətəndaşlarımız hələ ki bu səfərlərdən çəkinməlidir. İnşallah, yaxın zamanda kim istəsə, Qarabağın hər hansı bölgəsinə sərbəst gedib-gələ biləcək"

  Şuşaya turist səfərlərinin qiyməti açıqlanıb. Dövlət Turizm Agentliyinin məlumatına görə, avtobusla transfer, hoteldə yerləşmə, səhər yeməyi və bələdçi müşayiəti xidməti daxil olmaqla 2 günlük turlar üçün bir gün gecələmə ilə 215 manat, 3 günlük turlar üçün iki gün gecələmə ilə 370 manat nəzərdə tutulub. 2 və 3 günlük turlarda ilk dəfə olaraq Şuşa şəhərində hoteldə gecələmə ilə Füzuli şəhərinin mərkəzindəki şəhər dağıntıları, ilk şəhid abidəsinin ziyarəti, Cıdır düzü, “Vaqif” məqbərəsi, Mehmandarovların evi, Bülbülün ev muzeyi, “Yuxarı Gövhər Ağa” məscidi, “Güllələnmiş Heykəllər” meydançası, Şuşa qalası, Şuşanın “Gəncə” qapıları və “Xarı Bülbül” simvolu, “Qazançı” Kilsəsi, Şuşa “Realnıy” Məktəbi kimi tarixi abidələrlə tanışlıq imkanı təqdim olunur. Agentlikdən bildirilir ki, layihə “Böyük Qayıdış" siyasətinin tərkib hissəsi olmaqla, 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mədəniyyət paytaxtına təhlükəsiz turizm səfərlərinin təşkilini, habelə işğaldan azad olunmuş ərazilərdə iqtisadi fəallığın artırılmasını hədəfləyir. İlk turist səfərləri Novruz bayramı öncəsi - mart ayının 18-dən etibarən həftədə bir dəfə olmaqla icra ediləcək. Növbəti mərhələdə turların sayının tələbə əsasən artırılması nəzərdə tutulur. Vətəndaşlar turlarda iştirak etmək üçün martın 6-dan etibarən turizm şirkətlərinə (turagentlərə) müraciət edə bilər.
  İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında bildirdi ki, təhlükəsizlik baxımından tur-səfərlərə üstünlük vermək doğrudur: 
- İstənilən məsələdə narazılıq da olur, razılıq da. Bu, məsələyə hansı kontekstdən baxılmasına bağlıdır. “Kimlərsə gedir, biz niyə gedə bilmirik” sualı təbii səslənir. İnsanlar 30 il müddətində həsrət qaldıqları doğma torpağı görmək, ziyarət etmək istəyir.  Amma məsələnin heç də hamının görmək istəmədiyi tərəfi də var. Bu da təhlükəsizliklə bağlıdır. Şahidi olduq ki, neçə insanımız Qarabağa icazəsiz səfərlər zamanı minaya düşdü, həlak olanlar, yaralananlar oldu. Şuşa yolu hələ də təhlükəlidir. Səfərlər özfəaliyyət çərçivəsində təşkil edilirsə, təhlükə daha da artır. İnsanlar tanımadıqları, qarşıda təhlükənin olub-olmadığını bilmədən hərəkət edə və həyatlarını təhlükə altında qoya bilərlər. Mən insanların təhlükə üzərinə getmək istəyini də onların səmimiyyəti, Şuşa sevgisiylə əlaqələndirirəm. Vətən sevgisi təhlükə anlayışını arxa plana keçirir. Lakin dövlət bununla razılaşa bilməz. Dövlətin vəzifəsi vətəndaşları qorumaqdır. Arxayınlıq olsa ki, fərdi səfərlərdə özfəaliyyətə yol verilməyəcək, şəxsi avtomobillərlə sərbəst səfərlərə də icazə verilər. Lakin belə bir arxayınlıq hələ ki yoxdur. Həm bu baxımdan ki insanlar 30 il müddətində həsrət qaldıqları yerlərə mütləq getmək istəyəcəklər, həm də təhlükə hələ tam sovuşmayıb. Bilirik ki, erməni separatçılarının torpaqlarımızın başına açmadığı oyun qalmayıb. Harda mina basdırlılıb, harda gizli təhlükələr var, bilmirik. Agentliyin təşkil etdiyi turistik səfərlər isə xüsusi olaraq ayrılmış nəqliyyat vasitələri ilə konkret marşrutlar üzrə olacaq. Şuşada gecələmək istəyənlər üçün də şərait yaradılır. Burda nə pis iş var ki?! Kütləvi gedişlərsə təhlükəlidir və vətəndaşlarımız hələ ki bu səfərlərdən çəkinməlidir. İnşallah, yaxın zamanda kim istəsə, Qarabağın hər hansı bölgəsinə sərbəst gedib-gələ biləcək. Yol üstündə hansısa yeməkxanada, kafedə, ya qonaq evində çay da içəcəklər, çörək də yeyəcəklər. O günləri də görəcəyik. 
  F.İbrahimov qeyd etdi ki, Şuşaya turların qiyməti baha deyil: 
- Fərdi avtomobillə və fərdi qaydada Şuşaya səfərlər daha da baha başa gəlir. Turist səfərlərinin qiyməti onunla müqayisədə çox ucuzdur. Hotelin kateqoriyası, təklif olunan xidmətlərə görə qiymətlər dəyişir. Tur səfərlərə xarici vətəndaşlar da qatıla biləcək. Bu da ən gözəl təbliğat vasitəsidir. Həm də regiona kapital qoyuluşudur. Gələcəkdə, yəqin ki, güzəştli şərtlərlə səfərlər də təşkil ediləcək, müxtəlif tur-paketlər təklif olunacaq.