"Təqaüd yaşının aşağı salınması mümkündür".
Bu sözləri "Sherg.az"a iqtisadçı Natiq Cəfərli qadınların pensiya yaşının 63-də saxlanılması təklifindən danışarkən deyib. Ekspert diqqətə çatdırıb ki, onsuz da pensiya yaşının qaldırılması ilə bağlı qərar verilərkən Azərbaycanın spesifik xüsusiyyətləri nəzərə alınmayıb:
"Bəzi Avropa ölkələrində demoqrafik problem olduğu üçün yaş həddini qaldırırlar. Azərbaycanda isə demoqrafik yox, başqa problem var. Ölkəmizdə təqaüd yaşının artırılmasından narazı olanlar azdır. Çünki maaşlar pensiyalardan yüksəkdir. Məsələn, xanımların ən çox işlədiyi peşə sahələrindən olan müəllimlər, həkimlər axıra qədər işləmək istəyir.
Ona görə ki, alacaqları təqaüd qənaətbəxş deyil. Bu səbəbdən pensiya yaşının aşağı salınması məsələsi vacibdir. Mövcud problemi həll etmək lazımdır. Amma daha ciddi addım təqaüd həcminin, ödənişinin artırılmasına çalışmaqdır".
Qeyd edək ki, qadınların pensiya yaşının 63-də saxlanılması ilə bağlı “Əmək pensiyaları haqqında” qanunda müvafiq dəyişikliklərin edilməsi təklif olunub. Bu barədə Ombudsman 2022-ci il üzrə məruzəsində danışıb.