Məhsul əldən-ələ keçmirsə, qiyməti baha olmayacaq


Bir yarmarkada ki kəndli əvəzinə alverçilər dayanıb satış həyata keçirəcək, o yarmarkanın bir xeyri olmaz

  Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq 11-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq. Nazirliyin məlumatında qeyd olunur ki, yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla təmin etmək və fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır. “Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Yarmarkada ümumilikdə 50 regiondan 82 fermer iştirak edəcək. Fermerlər 90-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən faydalana bilərlər. Qeyd edilir ki, “Kənddən Şəhərə” Novruz yarmarkalarında fermerlər heç bir ödəniş etmədən piştaxta, tərəzi, soyuducu və digər ləvazimat və avadanlıqlarla tam təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edəcəklər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə isə təşkilatçı qurum tərəfindən loqistika dəstəyi göstəriləcək. “Kənddən Şəhərə” Novruz yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək: Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı) və  Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı). 
  İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, əsas olan yarmarkaların təşkili deyil, məhsullarını satmaq üçün əsl fermerlərə şərait yaradılmasıdır: 
- Yarmarkalar, bilirsiz ki, illərdir ənənə halını alıb. Bəzən bir neçə yerdə, bəzənsə 1-2 yerdə yarmarkalar təşkil olunur. Əvvəlki illərlə müqayisə etsək, “Kənddən Şəhərə” yarmarkaları daha çox ünvanda təşkil olunurdu. Son zamanlar nədənsə azalıb. Kəndlilər məhsullarını şəhərə gətirə bilmir, yarmarka təşkil etmək sərf etmir, yoxsa alıcıların inamsızlığıdır, məlum deyil. Paytaxtda Kənd Təsərrüfatı Nazirliyinin “Kənddən Şəhərə” yarmarkaları olmasa belə, bayram bazarlığı etmək üçün satış məntəqələri çoxdur. Metropolitenin əksər stansiyalarının giriş və çıxışlarında satış yarmarkaları fəaliyyət göstərir. “Elmlər Akademiyası”, “N.Nərimanov”, “İnşaatçılar”, “Əhmədli”, “Xalqlar Dostluğu”… Demək olar hamısında çadırlar qurulub, yerlər ayrılıb, alver gedir. Bu, yaxşıdır. O baxımdan ki, alıcı üçün seçim imkanı yaranır. Alıcı büdcəsinə uyğun bazarlıq edə bilir. Qiymətlər də münasibdir, münasib qiymətə məhsul tapmaq olur. KTN əgər “Kənddən Şəhərə” yarmarkası təşkil edirsə, ilk növbədə fermerlərin, kəndlinin öz məhsulunu birbaşa, vasitəçisiz satışa çıxarmasına yardım etməlidir. Mən həmişə bunu demişəm. Bir yarmarkada ki kəndli əvəzinə alverçilər dayanıb satış həyata keçirəcək, o yarmarkanın bir xeyri olmaz. Yarmarkada qiymətlər o dərəcədə münasib olmalıdır ki, vətəndaş buranı digər satış məntəqələrindən üstün bilsin və ora gəlsin.  Buna da necə nail olmaq olar, yalnız kəndlinin öz məhsulunu yarmarkada satmasına şərait yaratmaqla. Məhsul əldən-ələ keçmirsə, qiyməti baha olmayacaq, münasib olacaq. Kəndli də gəlir əldə edəcək, vətəndaş da məmnun qalacaq. 
Yoxsa yarmarka təşkil et, oranı alverçilər zəbt etsin, eyni vəziyyət təkrarlanır, vətəndaş da başqa satış mərkəzlərinə üz tutur. Əhali budcəsinə uyğun qiymətə məhsul tapıb alacaq, problem yenə də kəndlinin, fermerin becərdiyi məhsuldan gəlir əldə etməməsidir.