Dollar qalxırsa, ölkəyə gətirilən məhsullar bahalaşa bilər

Uçot dərəcəsinin artırılmasının Azərbaycanın milli valyutasına heç bir mənfi təsiri yoxdur


  Zatən qiymətlər hər gün yüksəlir, bir tərəfdən də “ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini qaldırıb”, deyə növbəti qiymət artımına hazırlıq gedir. Hazırda uçot dərəcəsi 4,5-4,7 faiz civarındadır və bu rəqəmin gələcəkdə 5-6 faizə qədər qaldırılması nəzərdə tutulur. Bəs bunun bizə nə dəxli, soruşmaq olar, amma cavab həm bəlli, həm də müəmmalıdır. O səbəbdən ki, bəzi iqtisadçılar uçot dərəcəsinin qaldırılmasının qiymət artımına təsir edəcəyini, bir qisim isə əslində təsir etməməli olduğunu, lakin işbazların bunu fürsətə çevirdiyi qənaətindədir. Məsələn, iqtisadçı-ekspert Eldəniz Əmirov "Bakupost.az"a açıqlamasında bildirib ki, dolların uçot dərəcəsinin qaldırılmasının manatın məzənnəsinə hər hansı bir təsiri yoxdur. Sadəcə, ölkəyə gətirilən məhsullar bahalaşa bilər. Ekspert qeyd edib ki, uçot dərəcəsinin qaldırılmasında əsas məqsəd inflyasiyanın cilovlanmasıdır: "ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsini qaldırmasının həm müsbət, həm də mənfi tərəfləri var. Bu, iqtisadiyyatın bir növ daraldılması hesabına inflyasiyanın nizamda saxlanılmasıdır. Yəni bahalaşmanın qarşısını almaq üçün atılan bir addımdır. Dolların uçot dərəcəsinin qaldırılması dolların bahalaşması deməkdir. Lakin bahalı dollar Azərbaycanın valyuta kursuna, manatın məzənnəsinə təsir etməyəcək. Amma ölkəyə idxal edilən məhsulların qiymətinə mənfi təsir göstərəcək. Bu, bəzi məhsullarda çox, bəzi məhsullarda az, bəzilərində isə ümumiyyətlə, təsirsiz ola bilər. Yəni bu təsirlər məhsuldan-məhsula və ölkədən-ölkəyə dəyişəcək".
  İqtisadçı-ekspert Əkrəm Həsənov da “Şərq”ə açıqlamasında uçot dərəcəsinin artırılmasının ölkəmizə mümkün təsirlərini izah etdi: 
- Bəli, ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini ona görə qaldırır ki, ölkə daxilində qiymət artımının qarşısını alsın, çünki ölkədə inflyasiya gedir. Amma uçot dərəcəsinin artırılması ABŞ iqtisadiyyatına 2 istiqamətdə təsir göstərir. Uçot dərəcəsi ABŞ Milli Bankının banklara təqdim etdiyi fazi dərəcəsidir. Faiz dərəcəsi artırsa, banklar da daha az kredit götürür. Bu isə iqtisadi aktivliyi azaldır. Nəticədə dövriyyədə pul azalır, qiymətlər də artır. Lakin paralel olaraq ABŞ-yə kim yatırım edirsə, daha çox gəlir əldə edir, çünki dollar bahalaşıb. Bu, ikitərəfli, paralel gedən bir prosesdir. Dollar bahalaşdığı üçün dünya bazarında əsas məhsulların qiymətində artım baş verir. Bu, bütün dünyada öz təsirini göstərir. Amma bu vəziyyət Azərbaycana necə təsir edir və ya necə təsir edəcək,  hamını bu sual düşündürür.  Uçot dərəcəsinin artırılmasının Azərbaycan milli valyutasına, əslində heç bir mənfi təsiri yoxdur. Çünki dollar qalxırsa, paralel olaraq neft və qazın qiyməti də qalxır. Və ya sabit qalır. Yəni uçot dərəcəsinin, paralel olaraq da dolların qalxmasının bizim valyuta ehtiyatlarına heç bir təhlükəsi yoxdur. Deyə bilərlər ki, dollar bahalaşıb, dollarla alınan, yəni idxal məhsullarının da qiyməti qalxır. Xeyr, belə deyil. Dünya bazarında dollar bahalaşırsa, bizim valyuta da artır. İkincisi, Azərbaycanın əsas ticarət tərəfdaşı Avropadır, ABŞ deyil. Yəni hansı tərəfdən baxsan, uçot dərəcəsinin qalxmasının ölkəmizə mənfi təsiri üçün əsas yoxdur.  O zaman bu sual da ortaya çıxır ki, bəs daxildə qiymətlər niyə qalxır? Bunun cavabı belədir: bizdə normal bazar iqtisadiyyatı yoxdur. Bizdə bütövlükdə qiymət artımı var. Kommunal xərclərin artması ardınca digər qiymət artımlarını gətirir. Sahibkarın xərcləri artdığından o, məhsulu əvvəlki qiymətə sata bilmir. Əvvəlki qiymətə satsa, ziyana düşəcək, bu ona iqtisadi baxımdan sərf etməyəcək. Sahibkarlar məcburdur yeni qiymətlərlə ayaqlaşsın. Ona görə də qiymətlər durmadan artır. Əsas səbəblərdən biri də gömrük problemidir. Biz hələ də gömrük orqanının hansı şərtlərlə, hansı qaydayla işlədiyini bilmirik. Ölkəyə məhsul gətirən gömrükdə deyir, bunu filan qiymətə almışam, rüsum da filan qədərdir, amma gömrükdəkilər deyir, “xeyr, bizim “öz” qiymətimiz var”. Nəticədə idxal olunan məhsulların satış qiyməti yüksək təyin edilir. Bizə qəribə gəlir, tutalım, niyə bu ərzaq dünən 2 manata idi, bu gün 2 manat 20 qəpiyə? Amma o 20 qəpiyin necə məhsulun  qiymətinə əlavə edildiyinin əsasını bilmirik. Əsas ümumi qiymət artımıdır.