Çörəyin ucuzlaşması gözlənilən idi

Bu il buğda istehsalının artacağı proqnozlaşdırılır

  Çörəyin qiyməti ucuzlaşıb. Bir neçə gündür ki, 650 qramlıq dairəvi çörəyin (“zavod çörəyi”) qiyməti 70 qəpikdən 65 qəpiyə düşüb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatında bildirilir. Qeyd edilir ki, çörəyin qiymətində ucuzlaşma Dövlət Xidmətinin istehlak bazarına nəzarət tədbirləri çərçivəsində əhalinin istehlak səbətində xüsusi yer tutan ərzaq məhsulları, o cümlədən un və çörək bazarında mütəmadi monitorinqlərin nəticələrinə əsasən müşahidə olunub. Un bazarında isə 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 9 mart 2023-cü il tarixində 35,5 manat – 37,2 manat olub. 

Qeyd edilir ki, 2022-ci ilin avqust ayında bu göstərici 40,7 manat – 41,5 manat təşkil edib. Son dövrlərdə dünya bazarlarında, xüsusilə də Azərbaycan üçün əsas idxal bazarları olan Rusiya və Qazaxıstanda ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma ölkəmizdə bazar prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında formalaşan unun qiymətlərinə təsirsiz ötüşməyib. Daxili bazarda unun topdansatış qiymətinin aşağı düşməsi çörəyin qiymətinə də birbaşa təsir edib. Qeyd etmək lazımdır ki, cari ilin fevral ayında ərzaqlıq buğdanın orta aylıq idxal dəyəri 307,4 ABŞ dolları təşkil edib ki, bu da, 2022-ci ilin avqust ayı (354,4 ABŞ dolları) ilə müqayisədə 13 faiz aşağıdır. Bundan əlavə, Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirləri çərçivəsində müvafiq sahədə bazar iştirakçıları ilə mütəmadi görüşlər keçirir. Bu görüşlərdə buğda, un və çörək qiymətlərinin mütənasibliyinə, çörəyin etiketində göstərilən çəkisi ilə faktiki çəkisinin uyğunluğuna dair müzakirələr aparılır. Bu çərçivədə ictimaiyyətin məlumatlandırılması məqsədilə un istehsalçılarının təklif etdiyi unun topdansatış qiymətlərinə dair məlumatlar Dövlət Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilib və mütəmadi yenilənir.
  İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında qeyd etdi ki, dünya bazarlarında, xüsusilə Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın qiymətində baş verən ucuzlaşma çörəyin qiymətinin enməsinə səbəb olub: 
- Əslində bu, gözlənilən idi. Çünki son dövrlərdə dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində ucuzlaşma vardı.  Ümumiyyətlə, bu il buğda istehsalının artacağı proqnozlaşdırılır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Dünya Buğda Bazarı üzrə gözləntilərinə əsasən, 2022/2023-cü il mövsümündə qlobal buğda istehsalı 2 faiz artacaq. Həmçinin buğda ixracının  bərpa olunması, istehsalın həcmində gözlənilən artım qiymətlərə mümkün təzyiqləri  müəyyən qədər azaldır. 

Ötən ilin iyul ayında İstanbulda BMT, Ukrayna, Türkiyə və Rusiyanın iştirakı ilə imzalanan və sonuncu dəfə 120 günlüyünə uzadılan “Taxıl saziş”inin daha 60 gün prolonqasiya olunması razılaşdırılıb. Bu, taxıl bazarının perspektivinə dair nikbin proqnozun formalaşmasında mühüm rol oynayır. Bu vəziyyət ölkə daxilində də unun qiymətinin aşağı düşməsinə, paralel olaraq da çörəyin ucuzlaşmasına gətirib çıxarır. Unun topdansatış qiymətinin aşağı düşməsi öz növbəsində çörəyin qiymətinə birbaşa təsir edir. Qiymətin ucuzlaşmasına təbii ki, ərzaqlıq buğda idxalının ƏDV-dən azad edilməsi də müsbət təsir göstərir.

  Buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı  2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azad edilib. Bu, həm istehsalçıya, həm də  istehlakçılara sərfəlidir. Nəticədə hər iki tərəf üçün də uyğun, münasib qiymətin formalaşması mümkün olur.