Antiinflyasiya tədbirləri genişləndirilməlidir


Hiss olunur ki, qiymətlərin artması hələ müşahidə ediləcək


  “Bazarda inhisarçılıq mövcuddur. Bir ildən artıq vaxt keçməsinə baxmayaraq, Rəqabət Məcəlləsi Milli Məclisə daxil olmayıb. Baş nazirdən xahiş edirik ki, bu məsələyə diqqət etsin". Bunu Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı millət vəkili Vahid Əhmədov bildirib. Deputat deyib ki, həm ərzaq, həm də gündəlik tələbat malları, həm də dərmanların qiymət artımı kifayət qədər yüksəkdir: "Hiss olunur ki, qiymətlərin artması hələ müşahidə ediləcək. Qiymət artımını nə qədər idxal inflyasiyası ilə əlaqələndirsək də, burada əsas süni qiymət artımının qarşısının alınmasından söhbət gedir. Hesab edirəm ki, bu sahədə antiinflyasiya tədbirləri daha da genişləndirilməlidir, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyəti gücləndirilməlidir. Son günlər unun, çörəyin qiymətində müəyyən enmələr hiss olunmaqdadır”.
  V.Əhmədov bağlanmış banklardakı əmanətlərlə bağlı problemi də qaldırıb: "Banklarla bağlı 3 problemi diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycanda bank faizləri kifayət qədər yüksəkdir. Kredit faizlərinin yüksək olması sahibkarlar üçün problem yaradır. İkinci məsələ, bağlanmış banklarda əhalinin kifayət qədər əmanətləri var və əmanətlərin qaytarılmasında ciddi problemlər var. Üçüncü, vaxtı keçmiş kreditlərin qaytarılmasıdır. Mərkəzi Banka bu problemin həll edilməsini tövsiyə edirəm”.