Hər bareli 84 dollara satılır

OPEK və tərəfdaşları neft bazarında qiymət stabilliyinə nail olmağa çalışırlar

  Bir sıra OPEK ölkələrinin hasilatın azaldılması ilə bağlı qərarları neftin dünya bazar qiymətində yenidən artımlara səbəb olub. Brent markalı neftin qiyməti 4 faizdən çox yüksələrək hər bareli 84 dollara satılır. Qeyd edək ki, ötən ayın ortalarında neftin bir barelinin qiyməti 74 dollaradək azalmışdı. Gündəlik hasilatın Səudiyyə Ərəbistanında 500 min barel, Rusiyada 500, İraqda 21, Küveytdə 128, Qazaxıstanda 78, Omanda 40, Əlcəzairdə 48 min barel azaldılması planlaşdırılır. 

Millət vəkili Vüqar Bayramov deyib ki, bununla OPEK və tərəfdaşları neft bazarında qiymət stabilliyinə nail olmağa çalışırlar. Deputatın sözlərinə görə, bu da artıq bazarda öz təsirlərini göstərməkdədir:

"Azərbaycan üçün neftin dünya bazar qiyməti ölkəyə daxil olan valyutanın həcmi baxımdan əhəmiyyətlidir. Valyuta daxilolmalarının 80 faizi neft və neft məhsullarının payına düşür. Neftin qiymətinin yüksəlməsi enerji ixracatından daha çox gəlir əldə etməyə imkan verir. Ölkəyə daxil olan valyutanın həcmi eyni zamanda milli valyutanın məzənnəsinə təsir göstərən faktorlardan hesab olunur. 

Son qiymət artımlarına rəğmən, ümumi həcmi azaltmadan ixracatda və fiskal gəlirlərimizdə neftin payının azaldılması daha da prioritetləşməkdədir".