Azərbaycanda bankların kütləvi müflisi... - RİSK BÖYÜKDÜR?

Vətəndaşların bir-birinə baxıb banklardan əmanətlərini geri çəkməsi anlaşılan deyil

  2021-ci ilin avqust ayından sonra sonra ilk dəfə əhalinin banklardakı əmanətlərinin həcmində azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, bu ayın 1-də əhalinin banklardakı əmanəti əvvəlki aydakı 11 milyard 928 milyon manatdan 11 milyard 901 milyon manata düşüb. Bu isə o deməkdir ki, ötən ay ərzində əhalinin əmanətləri 27 milyon manat azalıb.

  Ekspertlərin iddiasına görə, əhalinin əmanətlərinin azalmasının əsas səbəbi banklardakı depozit gəlirlərinin fevral ayından etibarən vergiyə cəlb edilməsi ilə bağlıdır. Belə ki, ümumi depozit faizlərində hiss edilən artımlar reallaşmadığı üçün müddəti başa çatmış bəzi depozitlərin vaxtının uzadılmaması və ya geri götürülməsi qeydə alınıb.
  İqtisadçı-ekspert Eldəniz Əmirovun “Şərq”ə açıqlamasına görə, əmanətlərin azalma tendensiyası davam edərsə, depozit faizləri yenidən vergidən azad edilməlidir: “Bu verginin gətirdiyi zərər onun faydasından daha çox ola bilər. Sözügedən depozitlərin həcmini və onun faizlərdən tutulan vergilərin həcmini hazırkı göstəricilər üzrə hesablasaq görərik ki, bu məbləğ 80 milyon manat ətrafındadır. Yəni 1 fevraldan bərpa edilən vergilər nəticəsində o qədər də böyük olmayan yığım formalaşacaq. Amma onun yaratdığı həyəcan bank sektoruna daha çox zərər vura bilər.

Vergi tutulması qüvvəyə minən kimi əmanətlərin həcmində 27 milyon manat azalma baş verdi. Belə ki, 11,928 milyard manatdan 11,901 milyard manata endi. Əgər bu azalma davam edərsə, o zaman mütləq vergi güzəştləri yenidən bərpa edilməlidir. Çünki dünya bank sektorunda həyəcanlı anların yaşanması, ard-arda bankların müflis olması, Azərbaycan əmanətçisində qeyri-ixtiyari qorxu yaradır. Bu qorxunun üzərinə də 10 faizli vergini gələndə insanlar əmanətlərini banklardan geri çəkməyə qərar verirlər.

  Bu qərar təbii ki, doğru qərar deyil. Yəni hazırda Azərbaycanda bankların kütləvi müflis olması kimi ciddi bir risk yoxdur. Qorxu və həyəcan yersizdir. 

Amma əmanətçilərin davranışı fundamental risklərə görə formalaşmır, kütlə davranışlarına görə daha çox formalaşır. Yəni sıravı əmanətçiyə Mərkəzi Bankın rəhbəri Taleh Kazımovun və ya Eldəniz Əmirovun sözündən daha çox ətrafdakıların davranışları təsir edir. Yəni adam baxır ki, insanlar əmanətlərini geri çəkir, qoy mən də çəkim. Əsassız yerə banklardan vəsaitlər geri çəkiləməyə başlayır. Beləcə, heç bir ciddi risk olmadan yaranmış boş bir qorxu, bir neçə ay sonra ciddi problemlər yaradır. Hansı ki bu problemin həlli üçün hökumət həmin vergi vasitəsilə yığılmış vəsaitdən dəfələrlə çox vəsait xərcləməli olur”.