Üçüncü ildir ki, insanlar qazanc yerlərini itiriblər

  Hökumət xüsusi karantin rejiminin müddətini yenə uzatdı. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb. Qeyd edək ki, bundan əvvəlki qərara əsasən, xüsusi karantin rejiminin müddəti mayın 1-dək uzadılmışdı.

  İqtisadçı-ekspert Fuad İbrahimov “Şərq”ə açıqlamasında quru sərhədlərin açılmasının indiki reallıqda çox böyük sosial sifariş olduğunu deyib. İqtisadçının sözlərinə görə, hazırda quru sərhədlərin bağlı saxlanması üçün ciddi arqumentlər yoxdur. Əgər sərhədlərin qapalı qalmasının bizim bilmədiyimiz bir səbəbi varsa, bu, mütləq açıqlanmalıdır: “Aydın məsələdir ki, səbəb pandemiya deyil. Quru sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat tərzinə, məişətinə ciddi problem yaradır. İnsanlar daha aşağı qiymətə daha keyfiyyətli mal və xidmətlərə çıxış əldə edirdilər. Bu imkanlar tamamilə əldən çıxıb. Quru sərhədlərinin bağlı olmasına görə üçüncü ildir ki, insanlar qazanc yerlərini itirib. Kasıb təbəqə doğmalarını görməyə gedə bilmir. Bu vəziyyət heç dövlətə, iqtisadiyyata da  sərfəli deyil. Həm dövlətin, həm də vətəndaşların iqtisadi mənfəəti baxımından karantin rejiminin uzadılması zərərdir”.
  Azərbaycana gələn turistlərin böyük faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşür. Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektora dəstək ola bilər.
Hava nəqliyyatı ilə turistik səfərlər quru yolla gediş-gəlişi heç vaxt kompensasiya edə bilməz. Qiymət, xərclər arasındakı fərq o qədər böyükdür ki, təyyarə reyslərinə üstünlük verilməsini düşünmək belə absurddur. Quru sərhədlər açılsa, sərhədyanı bölgələrdə də hərəkətlilik yaranacaq, iqtisadi vəziyyət normallaşacaq”.