15.2 milyard manat sosial sferaya yönəldiləcək


Bu, ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir

  İqtisadi Şuranın sonuncu iclasında 2023-cü ilin dövlət büdcəsinə yenidən baxılması (dürüstləşmə) məsələsi müzakirə olunub. Bununla bağlı Prezident İlham Əliyev hökumətə tapşırıqlar verib. Bu ilin birinci rübü üzrə dövlət büdcəsi gəlirlərinin proqnozdan artıq icra olunması 2023-cü ilin dövlət büdcəsinə yendən baxılmasına zəmin yaradıb.

Millət vəkili Vüqar Bayramov deyib ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 30.7 milyard, xərcləri 33.3 milyard manatdır. Deputatın sözlərinə görə, 2023-cü ildə dövlət büdcəsindən əməkhaqqı və pensiya ödənişləri daxil olmaqla 15.2 milyard manat sosial sferaya yönəldiləcək: "Bu, ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir. Büdcəyə ediləcək dəyişikliklərdən sonra büdcənin gəlir və xərclərində artımların olacağı gözlənilir. Hələlik dürüstləşmə ilə bağlı konkret layihə ictimaiyyətə təqdim edilmədiyi üçün hansı istiqamətlər üzrə daha çox vəsaitin ayrılacağını indidən söyləmək mümkün deyil. Ancaq milli prioritetlərin nəzərə alınacağı istisnasızdır. Sosial təminatın gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"ın sürətləndirilməsi, dayanıqlı, artan rəqabətqabiliyyətli iqtisadiyyatın müdafiəsi prioritetliyini qoruyub saxlamaqdadır".