Turist axınına əngəllər var

Nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır


  Regionlarımız turizmdə hələ də Bakı ilə rəqabət apara bilmirlər. Dövlət Statistika Komitəsinin məlumatına görə, xaricilərin Azərbaycan hotellərində gecələmələrinin sayı 309 minə çatıb. Bunun 80 faizi Bakının payına düşür. Yəni Azərbaycanda gecələyən hər 100 xaricinin cəmi 20-si rayonlara üstünlük verib. Bu isə ondan xəbər verir ki, hələ də regionlar ilə müqayisədə Bakı xaricilər üçün daha cəlbedici olaraq qalmaqdadır.
  Millət vəkili Vüqar Bayramov bildirib ki, turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Deputatın sözlərinə görə, pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi: "Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana və eləcə də regionlara daha çox turistin gəlməsinə imkan yarada bilər. Monitorinqlər göstərir ki, nəinki Bakıda, hətta bölgələrdə də turizm xidmətlərinin qiymətləri yüksək olaraq qalmaqdadır. Bu da həm daxili, həm də gəlmə turizmin inkişafına təsirsiz ötüşmür. 2023-ci ilin ilk rübündə ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq hədəflənməlidir. Eyni zamanda regionlarda çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu hotellərin tikilməsi oludqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər. Az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi üçün bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu, sahibkarların stimullaşdırılması baxımından vacibdir".