Proqnoz:"Dollar lider valyuta olaraq qalacaq"

Eldəniz Əmirov: "Azərbaycan dövlətinin fondu da öz aktivlərində bilavasitə dolların xüsusi çəkisini artırmaq strategiyası tutub"

"Bu baxımdan dolları “ağır”, “qara günlər gözləyir kimi  populist proqnozlar dünya ictimaiyyətinin diqqətini cəlb etməyə hesablanıb" 

  Dünyanın bir nömrəli valyutası statusunu daşıyan ABŞ dolları ətrafında maraqlı proseslər cərəyan edir. Beynəlxalq Valyuta Fondunun icraçı-direktoru Kristalina Georgiyevanın dünyanın bir saylı valyutası ilə bağlı açıqlamaları isə maliyyə sferasında müəyyən narahatlığa yol açıb. O bildirib ki, dünya dollardan tədricən imtina etməyə başlayıb.

Kristalina Georgiyeva "Dollardan tədricən imtina var. Əvvəllər dollar ehtiyatların təxminən 70 faizini təşkil edirdisə, indi bu rəqəm 60 faizdən bir qədər aşağıdır" deyib.  Onun sözlərinə görə, hazırda dolların əsas rəqibi avrodur. Bundan əvvəl amerikalı iqtisadçı Nuriel Roubini 10 il ərzində dolların ehtiyat valyuta kimi sıradan çıxa biləcəyini bildirib. Oxşar fikri amerikalı maliyyəçi, "Bridgewater Associates"in təsisçisi Rey Dalio da bildirib. O hesab edir ki, dolların hökmranlığı və iqtisadiyyatda qloballaşma ilə dünya nizamı erası sona çatır.

  Bu iqtisadçılar ötən ildən bəri dollarla ticarət əməliyyatlarının azalmasını əsas kimi götürürlər. Qeyd edilib ki, belə əməliyyatların azalması əsasən Rusiya və Çinin ticarət əlaqələrində qeydə alınmaqdadır. Rusiya gəlirlərini ağır sanksiyalardan yayındırmaq üçün neft-qaz ticarətini dollar və avrodan kənar valyutalarla aparmağa çalışır. Çin isə Səudiyyə Ərəbistanından yuanla neft almağa başlayıb, eyni zamanda Braziliya ilə onun valyutası əsasında ticarət etmək barədə razılığa gəlib. Hindistan və Malayziya da rupi ilə ticarət edir. Cənub-Şərqi Asiyanın bəzi ölkələri də daxili əməliyyatları milli valyutalara keçirməyə hazırlaşır. Hazırda dünyanın mərkəzi banklarının kassalarının təhlili göstərir ki, dolların ümumi ehtiyatlardakı payı getdikcə azalır.

Qeyd edək ki, Azərbaycanın valyuta ehtiyatlarının isə çox böyük hissəsi dollarla saxlanılır. Bu ilin birinci rübünün yekununda Dövlət Neft Fondunun portfelində dolların payı 70 faiz təşkil edib. Lakin quru sərhədlərinin bağlı olması vətəndaşların xaricə çıxışını kəskin azaltdığına görə dollar alışı da azalıb. Bu isə ölkədə dollar bolluğunun yaranmasına gətirib çıxarıb. Bu səbəbdən də Mərkəzi Bankın keçirdiyi hərraclarda banklar tərəfindən dollar alışı azalmaqda davam edir.

  İqtisadçı-ekspert Eldəniz Əmirov isə “ Şərq”ə açıqlamasında deyib ki, dollar ehtiyatlarının 70 faizdən 60 faizə enməsi bir-iki ilin məsələsi deyil. Burada söhbət uzun bir müddət ərzində digər ölkələrin valyutasının “şişməsi”ndən gedir. Avropa Birliyinin yaranması və avronun beynəlxalq valyuta olaraq güclənməsindən sonrakı proseslərin məntiqi nəticəsidir:

“Bu gün dollardan imtinaya cəhd etmiş ölkələr arasındakı birgə danışıqların heç biri real nəticə vermir. Dünən Hindistan və Rusiya arasındakı birgə valyuta ilə bağlı danışıqlar da uğursuz sonlanıb. Halbuki hələ 3 il əvvəldən bu ölkələr birgə ticarətdə dollardan imtina etməklə bağlı danışığa başlayıblar. Göründüyü kimi, bu, mümkün olmadı. Türkiyə ilə Rusiya da dollardan imtinayla bağlı uzun müddət əvvəl məsələ qaldırmışdı. Bu da alınmadı. Heç Rusiya ilə Çin arasındakı danışıqlar da real bir nəticə vermir. 

Dünya iqtisadiyyatının 67-68 faizi güclü iqtisadiyyata sahib 10 ölkədə toplanıb və Çin istisna olmaqla bu ölkələrin hər biri Amerika ilə müttəfiqdir.  Hətta yaxın illərdə Çin iqtisadiyatı ABŞ iqtisadiyyatını qabaqlasa belə, yenə də dollar qarşıdakı 30 ilin lider valyutası olaraq qalacaq.  

Onu deyim ki,  gələcəkdə Avropa İttifaqının dağılma təhlükəsi daha realdır və bu zaman avronun zəifləməsi qaçılmaz olacaq. Onsuz da Böyük Britaniyanın Aİ-dən çıxmasından sonra avro əvvəlki gücünü xeyli itirib. Hazırda isə Almaniya və Fransanın Aİ-dən çıxması gündəmdədir. 

Bu ehtimallar özünü doğrultsa, avronun taleyi artıq sual altında qalacaq və avroda olan vəsaitlərin böyük hissəsi məhz  dollara yönələcək”. 

  Ekspertin sözlərinə görə, Azərbaycan dövlətinin fondu da öz aktivlərində bilavasitə dolların xüsusi çəkisini artırmaq strategiyası tutub və bunu qismən həyata keçirib. Bu baxımdan dolları “ağır”, “qara günlər gözləyir kimi  populist proqnozlar dünya ictimaiyyətinin diqqətini cəlb etməyə hesablanıb.