Ötən il ticarət dövriyyəsi 5 milyard dollardan çox olub

  Prezident İlham Əliyev Moskvada Avrasiya İqtisadi Birliyinin (AİB) toplantısında çıxış edərkən ölkəmizin AİB-yə üzv ölkələrlə sıx iqtisadi-ticarət əlaqələrinin olduğunu deyib. Dövlət başçısı vurğulayıb ki, ikitərəfli əsasda 5 milyarda yaxın ticarət dövriyyəsi var. Ölkə başçısı qeyd edib ki, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrlə ticarət dövriyyəsi ötən il 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib:

 "Bu ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi əlavə 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv olan ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 9 faizə yaxın təşkil edib. Biz ticarət dövriyyəsinin gələcək inkişafı üçün böyük potensial görürük. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. 15 milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükdaşımaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artmasını nəzərə alsaq, bu, xüsusilə vacibdir. Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Bildirməyə şadam ki, Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda bizim Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır". Dövlət başçısı əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir: "Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir". Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı müstəqilliyin demək olar ki, bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirir. 

Millət vəkili Vüqar Bayramov Sherg.az deyib ki, Azərbaycan Prezidentinin Moskvada keçirilən toplantıda qonaq statusu ilə iştirakı ölkəmizin Avrasiya İqtisadi Birliyinə üzvlüyünün müzakirə mövzusu olması anlamına gəlməməlidir. Deputatın sözlərinə görə, dövlət başçısı tədbirə yalnız qonaq kimi qatılıb:

 "Azərbaycan bundan sonra da müstəqil xarici iqtisadi siyasətini davam etdirəcək. Bununla belə, Ermənistan istisna olunmaqla ölkəmizin Avrasiya İqtisadi Birliyinə üzv ölkələri ilə dərin iqtisadi əlaqələri var və ötən il ikitərəfli ticarət dövriyyəsi 5 milyard dollardan çox olub. 3,1 milyard dollar dövriyyə ilə Rusiya Azərbaycanın ən böyük idxalat tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyor olaraq 1/3 paya malikdir. Bununla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa dövlətləri olaraq qalır. 2022-ci ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 27 milyard 344 milyon dollar olub ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur. Azərbaycan həm Şərq-Qərb, həm də Şiman-Cənub nəqliyyat dəhlizləri üzrə əməkdaşlığı genişləndirir. Bu da ölkəmiz üçün qeyri-neft daxil olmaları baxımdan vacibdir. Bu kontekstdən, şimal dövlətlərlə müstəqil iqtisadi əməkdaşlıq sadəcə xarici ticarət dövriyyəsinin genişləndirilməsi deyil, həmçinin beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir".