"Bakıda keçirilən tədbir dünyada neft-qaz axın xətləri xəritəsinin və enerji bazarlarının yenidən qurulduğu bir dövrə təsadüf edir".
Bunu "Sherg.az"-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən danışarkən deyib.
O vurğulayıb ki, Ukrayna savaşından sonra enerji xətlərinin yenidən cızılmasına start verildi və yeni enerji nəqliyyat dəhlizlərinin formalaşması başladı:
"2023-cü ilin fevral ayından sonr Avropa, Asiya və digər bazarlarda kəskin enerji böhranı davam edib. İndi stabilləşmə dövrünün başlamasına baxmayaraq, bu böhranın hər an qayıdacağı təhlükəsi var. Ona görə də Bakıda keçirilən bu tədbir, ayrı-ayrı dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əməkdaşlıq platforması rolu oynayır. Eyni zamanda gələcək planlar, yeni nəqliyyat dəhlizlərinin formalaşması və genişlənməsi məsələsi müzakirə edilir"
Ekspert əlavə edib ki, tədbirin keçirilməsi həm ABŞ prezidenti, həm də Böyük Britaniyanın baş naziri tərəfindən yüksək qiymətləndirilir:
"Çünki hazırda Rusiya ilə münasibətlərin və enerji əməkdaşlığının dalana dirəndiyi bir dövrdə yeni alternativlərə çox böyük ehtiyac var. O cümlədən Azərbaycanın enerji resurslarından və tranzit imkanlarında da istifadə edilməsi gözlənilir. Bu sahədə isə böyük işlər görülür. Xatırlayırsızsa keçən il Avropa Komissiyasının rəhbərliyi və Avropanın enerji komisarı ölkəmizə səfər etdilər, Cənub-Qaz dəhlizinin genişləndirilməsi ilə bağlı ilkin razılığa əldə olundu. Hətta bu barədə memerendum imzalandı və qarşıdakı illərdə Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxarılması müzakirə olundu. İndi isə bu barədə müəyyən işlər görülür".
Qeyd edək ki, Bu gün Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimi olub.
Tədbirdə çıxış edən Azərbaycan respublikasının Prezidenti İlha Əliyev bildirib ki, biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində lider, aparıcı ölkə olsun:
“Mən çox şadam ki, yenilənən enerji ilə bağlı şirkətlər bu gün burada olduqca böyük çoxluq təşkil edir. Əminəm ki, illər keçdikcə bu şirkətlərin sayı artacaq. Yəni, biz tərəfdaşlarımızla birlikdə neft kəmərləri inşa etdik, neft yataqlarına sərmayə qoyduq, daha sonra qaz infrastrukturu inşa etdik. Cənub Qaz Dəhlizi bizim birgə tarixi nailiyyətimizdir, 3500 kilometrdən artıq neft kəmərlərindən ibarət bir sistemdir və o, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsində müstəsna rol oynayır”-deyə dövlət başçısı söyləyib.