Büdcədən daha çox vəsait Qarabağ və Şərqi Zəngəzura yönəldiləcək Vüqar Bayramov 

  "2023-cü ilin dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən, daha çox vəsait Qarabağ və Şərqi Zəngəzurun bərpasına yönəldiləcək". Bunu millət vəkili Vüqar Bayramov deyib. Ekspert bildirib ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün əlavə 2 milyard 260 milyon manat nəzərdə tutulur:

 "2023-cü ildə bütövlükdə bu istiqamətə 5 milyard 260 milyon manat vəsait ayrılacaq. Bu, "Böyük Qayıdış" prosesinin daha intensiv şəkildə həyata keçirilməsinə, sürətləndirilməsinə və bu istiqamətdə daha çox vəsaitin ayrılmasına imkan verəcək. Müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün 1 milyard 105 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitin 1.0 milyard manatı birbaşa xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclərə yönəldiləcək. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 70 milyon manat təşkil edəcək".
  Parlament üzvünün sözlərinə görə, digər zəruri xərclər 973,4 milyon manat nəzərdə tutulur: "Bura iqtisadi dəstək və digər iqtisadi fəaliyyət, dövlət borcuna xidmətlə bağlı xərclər, dəmir yolu, elektrik təchizatı və digər infrastruktur layihələri üzrə yenidənqurma və əsaslı təmir işlər, beynəlxalq münasibətlər və digər beynəlxalq fəaliyyətlə bağlı xərclər  və digər zəruri dövlət xərclərin maliyyə təminatı daxildir".