Sosial şəbəkələrdə Azərbaycanda oktyabr ayından benzinin bahalaşacağı ilə iddialar dolaşır. Məlumatlara görə, Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1,50, Aİ-95-in isə 2,50 AZN olacaq.
Bu barədə "Sherg.az"a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, benzinin qiymətinin bahalaşması ilə bağlı ara-sıra yayılan şayiələrin əsli-astarı da olmalıdır:
"Hökumət belə bir zamanda benzinin qiymətini artırmaz. Ölkədə onsuz da kifayət qədər ciddi inflyasiya göstəriciləri, qiymət artımı var. Yanacaq da istənilən halda qiymətin, maya dəyərinin formalaşmasında çox böyük rol oynayır. Belə bir addımın atılması inflyasiya və qiymət artımını sürətləndirə bilər. Nəticədə ciddi narazılıqlar vüsət alar. Digər tərəfdən axı dünyada neftin qiyməti bahalaşmayıb. Nə adla qiyməti artıracaqlar?! Son vaxtlar dünyada neftin qiyməti sabitləşib. Bəzi ölkələrdə benzinin qiyməti düşüb. Məsələn, Gürcüstanda cüzi də olsa, qiymətin enməsini müşahidə edirik. Azərbaycanda benzinin bahalaşması ölkə iqtisadiyyatı, inflasiya rəqəmləri üçün pis nəticələr doğura bilər".