Azərbaycanın qeyri-neft ixracı 15%-ə yaxın artıb

2023-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycanın ümumi ixracı 24,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 14,6% artaraq 2,2 milyard ABŞ dolları təşkil edib.

"APA-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nın sentyabr sayına istinadən xəbər verir. Məlumata görə, 2023-cü ilin yanvar-avqust ayları ərzində yeyinti məhsulları üzrə ixrac 571,4 milyon ABŞ dollarına bərabər olub. Cari ilin ilk 8 ayı ərzində elektrik enerjisi 3,9 dəfə, spirtli və spirtsiz içkilərin ixracı 3,8 dəfə, qara metal məmulatlarının ixracı 36,6%, şəkər ixracı 17,9%, meyvə-tərəvəz ixracı isə 7,4% artıb. 2023-cü ilin yanvar-avqust ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,4% artaraq 593,9 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 32,8% artaraq 132,6 milyon ABŞ dolları təşkil edib.