Azərbaycanda inflyasiyanın azalması mümkündür  - RƏY

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) Azərbaycanın inflyasiya proqnozunu yeniləyib.

"APA-Economics" xəbər verir ki, ING 2023-cü ilin dördüncü rübü istehlak qiymətləri indeksinin 3,6%, 2023-cü il üzrə isə 9,2% təşkil edəcəyini proqnozlaşdırıb. Korporasiya hesab edir ki, 2024-2025-ci illərdə Azərbaycanda inflyasiya daha da azalacaq və 5,6%-ə enəcək.

Bundan əvvəl isə, "Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda orta illik inflyasiyanın 2023-cü ildə 10,1%-ə, 2024-cü ildə isə 6% təşkil edəcəyini proqnozlaşdırıb.

Azərbaycan İqtisadiyyat Nazirliyi isə 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9,5%, 2024-cü il üçün 5,3%, 2025-ci il üçün 4,9% təşkil edəcəyini açıqlayıb.

Proqnozu "Sherg.az"a dəyərləndirən iqtisadçı-ekspert Eldəniz Əmirov qeyd edib ki, Azərbaycanda inflyasiyanın təbii olaraq azalması mümkündür:

"Amma inflyasiyanın bu il təkrəqəmli ədədlə ifadə olunmasını gözləmirəm. Düşünürəm ki, məhz 10-11 faiz inflyasiyanın qeydə alınması daha realdır. Lakin növbəti ildən bəri inflyasiya həddinin 6-7 faizə qədər enməsi mümkündür. Ümumiyyətlə isə üçüncü ölkədə aparılan siyasət və qlobal iqtisadiyyatda baş verənlər bu rəqəmlərin reallığa daha yaxın olduğunu göstərir".