“Şimal-Cənub" marşrutu layihəsini həyata keçiririk. Prosesin bütün iştirakçıları Azərbaycan və İranla razılaşmalar var. Həmçinin Qazaxıstan və Türkmənistan da bu layihəyə maraq göstərir”.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rusiya enerji həftəsi”nin plenar iclasında deyib.
Rusiya liderinin sözlərinə görə, layihə tamamlanmaq üzrədir, bütün məqsədlər üçün şura yaradılır.
Açıqlamanı “Sherg.az”a şərh edən siyasi şərhçi Turan Rzayev söyləyib ki, "Şimal-Cənub" Çinin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Şimal və Cənubdan keçən xətlərin Orta dəhliz adlandırdığımız Azərbaycanın üzərindən keçən xəttə birləşdirilməsidir:
"Yəni Rusiya ilə İranı əhatə edən xətt, həm də Azərbaycanı əhatə edən mərkəzi xəttə birləşərək ölkəmizi qovşaq halına gətirir. Rusiya və İranı bu layihədə maraqlandıran tərəflər, onların həm enerji məhsullarının, həm də ticarət dövriyyələrinin Azərbaycanda birləşməsindən ibarətdir. Çünki Azərbaycanın yerləşdiyi strateji və coğrafi mövqe iqtisadi əməkdaşlıq konteksində əlverişlidir. Eyni zamanda rəsmi Bakı da bu məsələdə maraqlıdır. Hətta Bakı-Həştərxan və Bakı-Rəşt dəmir yollarının çəkilçəsini təklif etdi. Artıq Bakı-Həştərxan dəmir yolu xəttinin tikilməsi yekunlaşıb. Rəştlə bağlı İran tərəfindən qaynaqlanan müəyyən problemlər var idi. Amma son zamanlarda rəsmi Tehranın sərgilədiyi mövqe layihənin icrası baxımından müsbət siqnallar verir".
Analitik qeyd edib ki, "Şimal-Cənub" layihəsinin icrası Azərbaycan üçün çox önəmlidir:
"Qeyd etdiyim kimi Rusiya və İrandan gələn malların bizim ərazinizdə birləşməsi həmin məhsulların vahid şəkildə Avropa bazarlarına çıxışına şərait yaradacaq. Digər tərəfdən sözügedən layihə Avropanın da maraqlarına uyğundur. Çünki əbədi münaqişə olmayacaq və gec-tez bu ölkələr münasibətlərini bərpa edəcək. Ümumiyyətlə "Şimal-Cənub" Çinin "Bir kəmər, bir yol" layihəsinin tərkib hissəsidir. Adından da göründüyü kimi şimaldan cənuba doğru gedəcək kommunikasiya xətlərinin birləşəcəyi qovşaq əhəmiyyəti daşıyır".