Orta Dəhlizin istismara verildiyi ssenaridə Xəzər dənizi vasitəsilə daşımaların həcmi 2030-cu ildə 11 milyon tona çatacağı gözlənilir.
"APA-Economics" xəbər verir ki, bu barədə Dünya Bankının (DB) hesabatında bildirilib. Bu isə 2021-ci ilə nisbətən 3 dəfə artım deməkdir. Xəzər dənizi vasitəsilə yük daşımalarının təxminən 4 milyon tonu konteyner vasitəsilə aparılacağı proqnozlaşdırılıb. Konteynerlərin isə 1,5 dəfə artması gözlənilir. Qeyd edilib ki, təkmilləşdirmələr həyata keçirilməzsə, daşıma tələbatı proqnozlaşdırılan artımdan 35 faiz aşağı olacaq.
"Gübrə kimi yüksək əlavə dəyərli əmtəələrdə daşımların təxminən iki dəfə artacağı gözlənilir. Dəhliz vasitəsilə daha çox daşınacaq mallara metal məmulatları, hazır qida məhsulları, maşınlar və kimyəvi maddələr daxildir. Hazırda Şimal marşrutundan istifadə edən səyahət vaxtına daha həssas olan mallar qismən Orta Dəhlizə keçəcək. Xammalın payı 60 faizdən 53 faizə endiriləcək. Neft və neft məhsulları, eləcə də qara və əlvan metallar Xəzər dənizi vasitəsilə daşımaların mühüm hissəsini təşkil etməkdə davam edəcək" - DB-nin hesabatında vurğulanıb.