Bu ilin yanvar-noyabr aylarında Orta Dəhlizdə Azərbaycandan tranzit kecməklə Qərb-Şərq istiqamətində konteyner daşımaları ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə artıb.
"Report" bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner” MMC-yə istinadən xəbər verir.
Məlumata görə, “ADY Konteyner”nin nümayəndəsi Rəşad Məcidov Macarıstanın paytaxtı Budapeştdə “Avropa İpək Yolu Sammiti”ndə iştirak edib. O, Azərbaycanın Orta dəhlizdəki əhəmiyyəti, dəhlizin funksionallığının, rəqabətliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə sammit iştirakçılarına məlumat verib.
Avrasiya məkanındakı hazırkı geosiyasi durumda Orta dəhlizin digər alternativ marşrutlara nisbətən üstünlükləri və dəhliz üzrə kompleks logistik həllər müzakirə olunub. Orta dəhlizin Çin, Orta Asiya, Azərbaycan və Avropa ölkələri arasında ticarət dövriyyəsinin artmasında xüsusi rolu vurğulanıb.