“Bu rəqəm bizi qorxutmamalıdır. Hökumət bununla bağlı iş görür, maliyyə ehtiyatı nəzərdə tutur. Ehtiyac yarandıqda əlavə vəsaitlər cəlb ediləcək”
Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi cənab Prezident tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub. Bunu Baş nazir ƏIi Əsədov Milli Məclisin dünən keçirilən iclasında deyib. Baş nazir bildirib ki, 2024-cü ilin dövlət büdcəsində ərzaq təhlükəsizliyi tədbirləri üçün 500 milyon manatdan çox vəsait nəzərdə tutulur: “Ölkədə yerli istehsalın özünütəminetmədə rolunun artırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bu baxımdan ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılığın azaldılması prioritet istiqamətlərdəndir. Mövcud su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2024-cü ilin dövlət büdcəsindən 500 milyon manat vəsait ayrılacaq. Eyni zamanda Prezidentin ötən ay Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı imzalanmış fərmanları su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsinə imkan verəcək”.
İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, 500 milyon manat çərçivəli rəqəm deyil:
- Bu, təxmini proqnozdur. Proqnoza əsasən, ərzaq təhlükəsizliyi proqramı üçün bu qədər vəsait ayrılır. Ola bilsin, daha az xərclənsin və ya bir qədər çox xərc tələb olunsun. Çox vəsait tələb olunarsa, yenə də daxili ehtiyatlarımız hesabına vəsait ayıra bilərik. Xərclərin artması fos-major halı yaranarsa baş verə bilər. Fos-major halı da belədir ki, hansısa məhsula ehtiyacımız olsa, dünya bazarında o məhsulun qiyməti kəskin bahalaşarsa, onun ölkəyə gətirilməsində, idxalda problem yaranarsa, təyin olunmuş bu əlavə vəsaitlərdən istifadə ediləcək. O ki qaldı yerli istehsal vasitəsilə idxal amilinin azaldılmasına, hökumət bu istiqamətdə illərdir çalışır, ərzaq təhlükəsizliyi proqramının həyata keçirilməsi üçün tədbirlər görülür. Cənab Prezident bunu nəzarətində saxlayır. Əsas hədəf yerli istehsalda ərzaqlıq buğdanın səviyyəsini, çəkisini artırmaqdır. Ola bilsin ki, buğda istehsalı ilə bağlı fermerlər qarşısında tələb qoyulacaq. Bonuslu ödəmələr nəzərdə tutulacaq ki, fermerlər ərzaqlıq buğda əkməkdə maraqlı olsunlar. Yoxsa sahibkarlar buğdanı daha çox yem məqsədilə əkirlər. Bu da heyvandarlıqda istifadə olunur. Əlavə ödənişlər edilə bilər ki, sahibkarlar yerli istehsal həcmini artırsınlar. İşğaldan azad edilmiş ərazilərdə 2 ildir taxıl əkilir. Su ehtiyatları da cəlb olunur artıq, problemlər aradan qaldırılır. Ərzaq təhlükəsizliyi, makro-iqtisadi tarazlığın qorunması əsas məqsəddir. 500 milyon manat çərçivəsi bizi qorxutmamalıdır. Hökumət bununla bağlı iş görür, maliyyə ehtiyatı nəzərdə tutur. Ehtiyac yarandıqda əlavə vəsaitlər cəlb ediləcək.