2025-ci ilin yanvar ayından minimum əmək haqqı artacaq

2024-cü ilin yanvar-iyun aylarında ölkədə 59 milyard 520,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3% çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 6,9% artıb.
ÜDM istehsalının 38,5 faizi sənaye, 9,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi tikinti, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 19,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5840,7 manata bərabər olub.

İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki,əhalinin nominal gəlirləri Azərbaycanda  5.3 faiz artıb:

“Əhalinin hər nəfərinə düşən nominal gəliri isə 4.8 faiz artıb. Bu hökumətin iqtisadi artım göstəricilərinə uyğundur. Sahibkarın qanunu öhdəliyi minimum əmək haqqından aşağı maaş verməməsidir. Minimum əmək haqqı hazırda 345 manatdır. Hökumətin gücü çatmadı 2024-cü ildə minimum əmək haqqını qaldırmağa. Mətbuata yayılan xəbərlərə görə 2025-ci ilin yanvar ayından minimum əmək haqqı artacaq. Ancaq iqtisadiyyatın və ÜDM-nin böyüməsi daha çox imkanların yaradılması deməkdir”.