Bülbülün ev-muzeyi zərgər dəqiqliyi ilə bərpa olunub

 Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə

Bu, Azərbaycanın mədəniyyətinə sahiblik edən bir dövlət olduğunun sübutudur


Azərbaycan peşəkar vokal sənətinin banisi, musiqi mədəniyyətimizin inkişafında böyük xidmətlər göstərmiş, görkəmli xanəndə, Xalq artisti Bülbülün  Şuşanın işğalı dövründə erməni vandalizminə məruz qalan ev-muzeyinin bərpadan sonra təntənəli açılışı oldu. Açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev bu ilin yanvarında Şuşa şəhərinə növbəti səfəri zamanı ev-muzeyini ziyarət etmişdi. 

Bülbülün dağıdılmış büstünü göstərən Prezident İlham Əliyev görkəmli bəstəkar və müğənni, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun ata evini bərpa edəcəyinə əminliyini ifadə etmişdi: “Ermənilərin növbəti vandallığı, növbəti düşmənçiliyi. Görün, dahi Bülbülün büstünü, evini nə günə qoyublar. Cavabını artıqlaması ilə alıblar. Biz onların cavabını döyüş meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı. Xocalı soyqırımını, mədəni soyqırımı törədən mənfur düşmən döyüş meydanında məğlub oldu, məhv oldu. Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir”.

Prezidentin dediyi kimi də oldu. Prezidentin tapşırığına əsasən Bülbülün dağıdılmış ev-muzeyində təmir-bərpa və yenidənqurma işlərinə başlandı. Tarixi abidə statusuna malik ev əsl simasını itirməsin deyə, işlər zərgər dəqiqliyi ilə aparılırdı. Bərpa işləri zamanı eyvana çıxan divarlarda suvaq altından daş üzərində yonulmuş ərəb əlifbası ilə iki yazı və günəş simvolunu əks etdirən təsvir aşkar olundu. Yazıların birində “Quran-Kərim”dən ayə, digərində isə evin tikilmə tarixi qeyd edilmişdi. 

Qeydə əsasən bina 1788-ci ildə inşa edilib. Bina tipoloji mənsubiyyətinə görə Qarabağ və Azərbaycanın tarixi yaşayış binalarının xüsusiyyətini özündə əks etdirir, otaqların daxili quruluşu Azərbaycan-Qarabağ məişət ənənələrinə xasdır. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirildi, çat olan divar hissələrində yenidənqurma işləri aparıldı. Binanın daxili otaqlarında çürümüş taxta döşəmələr yeniləri ilə əvəz olundu. Dam örtüyü, qapı və pəncərələri çürüdüyündən və istismara yararsız halda olduğundan, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edildi. Evin həyəti də ilkin görkəmi saxlanılmaqla bərpa olundu. Binada Bülbülün muzey ekspozisiyası yenidən quruldu. Ev-muzeyinin həyətində Bülbülün yeni hazırlanan büstü qoyuldu. Şuşa şəhəri işğalda olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü isə erməni vəhşiliyinin əyani subutu kimi saxlanılır. 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin göstərişi əsasında Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi 1982-ci il 31 avqust tarixli qərarı ilə Bülbülün doğulduğu və yaşadığı evin ev-muzeyinə çevrilməsi barədə qərar qəbul edib. Görkəmli musiqiçi bu evdə anadan olub və uşaqlıq illərini burada keçirmişdi. 

Bina 1982-1983-cü illərdə təmir olunub, muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Muzeydə Bülbülün uşaqlıq illərinə aid şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi. Muzeydə Bülbülün yaradıcılıq, elmi-tədqiqat, pedaqoji, ictimai fəaliyyətini əks etdirən 9 minə yaxın sənəd toplanmışdı. Ev-muzeyi 1992-ci ilin may ayınadək – Şuşa erməni separatçılarının işğalına məruz qalanadək fəaliyyət göstərirdi. İndi isə Bülbülün ev-muzeyi artıq ikinci ömrünü “yaşayır”. Ev-muzeyinin ekzpozisiyası yenidən qurulub və bundan sonra həm şuşalılar, həm də Şuşaya gələnlər gərkəmli xanəndənin ev-muzeyini ziyarət edə biləcəklər. Ev-muzeyinə yeni direktor da təyin olunub. Mədəniyyət naziri Anar Kərimovun müvafiq əmri ilə  telejurnalist Fəxrəddin Hacıbəyli ev-muzeyinə direktor təyin edilib. 

“Xan Şuşinski Fondu”nun təsisçisi və rəhbəri, Xan Şuşinskinin qızı Bəyimxanım Cavanşir Verdiyeva “Şərq”ə açıqlamasında  Bülbülün ev-muzeyinin bərpa olunmasından hədsiz sevinc hissi keçirdiyini bildirdi:

- Çox sevinirəm ki, dahi Bülbülün ev-muzeyi bərpa olundu. Bu təkcə Azərbaycan mədəniyyətinə deyil, dünya musiqi sənətinə, dünya mədəniyyətinə Azərbaycan dövlətinin, dövlətimizin başçısının, birinci vitse-prezident Mehriban xanım Əliyevanın töhfəsidir. Görkəmli sənətkarlar, bəşəriyyətə misilsiz mədəniyyət nümunələri bəxş etmiş dahilər təkcə öz xalqlarına mənsub olmur. Onlar dünyaya, bəşəriyyətə məxsus olurlar. Azərbaycan, o cümlədən qəlbimizin paytaxtı Şuşa dünya mədəniyyətinə dahilər bəxş edib, onlardan biri də görkəmli xanəndə, professor Bülbüldür. Bu gün onun ev-muzeyi bərpa olunur və ziyarətə açılırsa, bu, Azərbaycanın mədəniyyətlərə sahiblik edən bir dövlət olduğunun sübutudur. Ermənistan nə vardısa dağıtdı, uçurdu, məhv elədi, Azərbaycan isə yenə tikdi, bərpa etdi, mədəni inciləri dünyaya qaytardı. Mən qəti əminəm ki, Şuşada bərpa, quruculuq işləri eyni sürətlə davam edəcək, digər görkəmli şəxsiyyətlərin evləri də bərpa olunacaq, Şuşa əvvəlki simasına daha da gözəlləşmiş halda qovuşacaq. 

B.Cavanşir Verdiyeva  qeyd etdi ki, Şuşanın görkəmli şəxsiyyətlərinin yaşadığı evlər siyahıya alınır və növbə ilə bərpa olunacaq. Həmçinin, 2021-ci ildə 120 illik yubileyi qeyd ediləcək Xan Şuşinskinin də bir zamanlar yaşadığı ev dövlət tərəfindən bərpa ediləcək. 

Məlahət Rzayeva