Heydər Əliyev Fondu böyük işlər görür: “Qarabağda tarixi abidələrin bərpası ilə məşğuldur”

Heydər Əliyev Fondu tərəfindən xalqımızın milli-mədəni irsinin qorunub saxlanılması, səhiyyə, mədəniyyət, təhsil və digər sahələrdə bir sıra işlər görülüb. Bununla yanaşı işğaldan azad olunmuş torpaqlarımızda tarixi abidələrin, məscidlərin bərpa-təmir işləri fondun təşkilatçılığı ilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, Şuşada azad edildiyi gündən mədəni tədbirlər, festivallar təşkil olunub. Bunlara "Xarıbülbül" Musiqi festivalını, Vaqif Poeziya günlərini, Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi festivalını misal göstərmək olar. 

"Sherg.az"la həmsöhbət olan xalq artisti Mənsum İbrahimov da deyib ki, Fondun bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir:

"Heydər Əliyev Fondu böyük işlər görüb. Zəfərimizdən 6 ay sonra Şuşada möhtəşəm "Xarıbülbül" festivalı keçirildi, iki gün davam etdi. Birinci günü Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələri çıxış etdilər. Bir daha dünyaya göstərdik ki,  Azərbaycan çoxmillətli, tolerant ölkədir. Onun ardınca Vaqif poeziya günlərinin açılışı oldu. Sentyabrın 18-də Üzeyir Hacıbəyovun ad günü ilə bağlı Milli Musiqi festivalı  görkəmli bəstəkarın heykəlinin qarşısında baş tutdu. Çox möhtəşəm tədbir oldu . Bununla yanaşı Fond Şuşada tarixi abidələrin bərpa işləri ilə məşğuldur. Ümumiyyətlə, Heydər Əliyev Fondu yarandığı tarixdən Muğamın inkişafı ilə bağlı işlər görür. Bu günə  qədər 7 Muğam Televiziya müsabiqəsi keçirilib, altı Beynəlxalq Muğam festivalı təşkil olunub. Nəticədə onlarla gənc muğam ifaçısı sənətə gəlib. Heydər Əliyev Fondu Ulu öndərimizin adına layiq işlərə imza atır. Fonda da ölkənin Birinci vitse-prezidenti əziz Mehriban xanım Əliyeva rəhbərlik edir. Həm mədəniyyətimizə, həm səhiyyəmizə töhfələr verir, əhalinin sosial problemləri ilə məşğul olur".

Samirə Ərəblinski