“Biz ağladıq, şəhid atasının isə gözündən yaş gəlmədi”

Son Qarabağ savaşının başlamasından bir il ötür. Keçən il sentyabrın 27-i düşmən təxribatlarının qarşısını almaq məqsədilə bütün cəbhəboyu qoşunlarımız əks-hücum əməliyyatına başladılar. 44 günlük Vətən müharibəsində oğullarımız misilsiz qəhrəmanlıq göstərib torpaqlarımızı işğaldan azad etdilər. Bu gün zəfərimizin memarları olan şəhidlərimizi anıb, canlarını yarısını Vətənə qurban verən qazilərimizi yada saldıq.

“Sherg,az”la həmsöhbət olan əməkdar artist İlkin Əhmədov da Anım Günü ilə bağlı tədbirlərdə iştirak etdiyini söyləyib:

“Şəhidlərimizi anmaq hər bir Azərbaycan vətandaşının borcudur.  Allah bütün şəhidlərimizə rəhmət etsin. Ötən gün N saylı hərbi hissədə tədbirdə olduq, şəhid ailələri, qazilərimiz, Birinci Qarabağ müharibəsinin savaşçıları, o vaxt şəhadətə  ucalanların yaxınları ilə görüşdük. Artıq bu ənənə halını alacaq,  27 sentyabrı Anım Günü kimi qeyd edəcəyik. Çox şükür ki, Qarabağımız azaddır. Qəhrəman balalarımızın qanı-canı hesabına torpaqlarımızı qaytardıq. Bir azərbaycanlı kimi çox qürurluyam, bir gözümüz ağlayır, digəri gülür. Dünən tədbirdə Bəhram və İman qardaşlarının valideynləri bizimlə idi. Onlar övladlarını torpaq uğrunda qurban veriblər. Çox qürurlu idilər, ataları Elman müəllimin çıxışı hər birimizin qəlbini riqqətə gətirdi. Ağladıq, amma onun gözündən yaş gəlmədi. Bu gün Şuşamız, Qarabağımız azaddır. Allah Ali Baş Komandamıza can sağlığı versin. Onun da qeyd etdiyi kimi, biz torpaqlarımızı azad etmişik. İnşallah əzəli torpaqlarımızı  qaytarmağa davam edəcəyik”.

Samirə