Əlvida, şirin səsli sənətkar! – Həmkarları göz yaşı axıdır...  + VİDEO


Xəbər verdiyimiz kimi tanınmış müğənni Səyyad Əlizadə koronavirusdan vəfat edib. Bu ölüm xəbəri sənət dünyasını dərindən sarsıdıb.

"Sherg.az" xəbər verir ki, onlar sosial şəbəkə hesablarında üzüntülərini dilə gətiriblər. 

Müğənni Xatirə İslam həmkarının sağalması üçün qurban dediyini, lakin arzusuna çatmadığını söyləyib: 

"Səyyad müəllim, vəfat xəbəriniz məni çox pis hala saldı. Allah sizə rəhmət eləsin. Sağalmağınız üçün qurban demişdim, həyatda ilk dəfə qurbanım qəbul olmadı. Sizin dünya boyda ürəyiniz var idi. Çox heyf".

Müğənni Nadir Qafarzadə isə üzüntüsünü bu sözlərlə dilə gətirib:

"Gözəl insan, bu etibarsız dünyadan canını qurtardı. Ədalətsiz və amansız dünya, sən nələrə qadirsən".

Əməkdar artist Könül Kərimova İnstaqram hesabında S.Əlizadə haqda bunları yazıb:

"Çox pis olmuşam. Belə zülm olar? Nə deyim, nə yazım? Nə qədər olar axı? Nitqim tutulub. Heyif, səndən, qardaş. Əziz insan, yerin behişt olsun".

Mərhumla illərlə duet ortağı olan Mənzurə Musayeva da həmkarı ilə bağlı paylaşım edib:

"Dəyərli dostum, gözəl insan Səyyad Əlizadə vəfat etdi. Allah rəhmət etsin. Çox pis oldum".

Əməkdar artist İlkin Əhmədov deyib ki, ümidlə S.Əlizadənin sağalmasını gözləyiblər:

"Yenidən aramıza dönəcəyini gözləyirdik, qardaş. Mənim üçün çox ağırdır, sənin vəfat xəbərini eşitmək. Sarsıldıq, uşaqlığımızın və gəncliyimizin şirin səsli sənətkarı".

Müğənni İbrahim Borçalı "Bir yaxınımı da itirdim" qısa şərhi ilə acısını paylaşıb.