“Mədəniyyətimizin İnkişaf Strategiyasını irəli sürəcəyik”

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği; 

Adil Kərimli: “Vahid bir komanda kimi bu prosesi sürətləndirmək və daha da təkmilləşdirməyə ehtiyac var”

“Kinomuzda, kinematoqrafiyamızda mövcud olan bütün problemləri bu iki gündə həll etmək mümkün deyil və belə bir hədəfimiz də yoxdur”


  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusuna həsr olunmuş Kino forumu öz işinə başlayıb. Aprelin 20-də forumun açılışından öncə kino xadimləri Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində forumun açılış mərasimi keçirilib. Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ölkəmizin tanınmış kino xadimləri və media mənsubları iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın 125 illik kino salnaməsini əks etdirən fotosərgiyə baxıblar. Azərbaycan milli kinosunun keçdiyi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub. 
  Mədəniyyət naziri Adil Kərimli çıxış edərək forumun əhəmiyyətindən danışıb. Nazir xatırladıb ki, 10 gün əvvəl məhz bu məkanda Teatr Forumu təşkil edilib. Forum iki gün ərzində Azərbaycan və bir neçə xarici ölkələrin teatr sahəsinin dəyərli nümayəndələrini bir araya gətirərək bu sahədə mövcud olan problemlər, müasir çağırışlar və inkişaf istiqamətlərinin müzakirəsi platformasına çevrildi: "Ümid edirik ki, Kino Forumu da çox maraqlı müzakirələrlə yadda qalacaq və kinomuzun inkişaf yoluna işıq salacaq. Bu gün burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri, eyni zamanda perspektivləri müzakirə etmək, onların həll yollarını taparaq bunun əsasında yeni inkişaf istiqamətlərini müəyyən etməkdir. Teatr və Kino Forumundan əlavə bu il ərzində Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində mədəniyyətimizin digər sahələri ilə də bağlı forumlar keçiriləcək və nəticədə Mədəniyyətimizin İnkişaf Strategiyasını irəli sürəcəyik”. Nazir qeyd edib ki, dünya kinosunun yaranma tarixindən çox da geri qalmayan Azərbaycan kinosu 1898-ci ildə ilk addımlarını atmağa başlayıb. 125 illik zəngin və keşməkeşli yol keçərək xalqımıza böyük bir irs buraxıb: "Əsası 1923-cü ildə qoyulmuş və bu il 100 illik yubileyi qeyd edilən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təsis olunması milli kino sənətimizin sistematik şəkildə inkişaf etməsi üçün geniş zəmin yaradıb. Kinematoqrafçılarımız tərəfindən yaradılan çoxsaylı ekran əsərləri onilliklər boyu soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və sədaqət hisslərinin aşılanmasına xidmət edərək, xalqımızın dünyagörüşünün formalaşmasına öz töhfəsini verib". Adil Kərimlinin sözlərinə görə, incəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da Ümummilli Lider Heydər Əliyevin xidmətləri danılmazdır. “Kino bizim xalqımızın salnaməsidir” - deyən Ulu Öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda milli kino sahəsinə yüksək diqqət və qayğı göstərib. Qeyd olunub ki, bu gün cəmiyyətdə sosial təhsil və maarifləndirmə işinin həyata keçirilməsində, milli ideologiyamızın, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində misilsiz xidmətləri olan Azərbaycan kino sənətinə dövlətimiz tərəfindən, şəxsən Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir: "Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı", “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamı milli kino sənətinə yüksək diqqət və qayğının bariz nümunəsidir. Son illər ölkəmizin kino sektoru tərəfindən istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişafından xəbər verir. Bundan başqa, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında kino sənətinin də inkişaf etdirilməsi konsepsiyası öz əksini tapıb. Ölkə rəhbərliyi tərəfindən atılan bu addımlar gələcəkdə kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsini təkmilləşdirəcək. Yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsinə, beynəlxalq rəqabətə davamlılığın və bir çox beynəlxalq birgə layihələrdə, kino istehsalında iştirakın təmin edilməsinə imkan yaradacaq. Eləcə də beynəlxalq platformaların tərkib hissəsinə qoşularaq həm Azərbaycan kinemotoqrafiyası təcrübəsinin beynəlxalq müstəvidə tanınması, həm də bu sahədə yeni bir iqtisadi fəallığın və stimullaşdırmanın təmin edilməsi baxımından çox böyük əhəmiyyət kəsb edəcək. Bu baxımdan, xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmətlər göstərən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi qayğı nəticəsində müxtəlif illərdə Azərbaycanın kino sənəti bir sıra beynəlxalq festivallarda, eləcə də Kann kinofestivalında təbliğ edilib". 
  Azərbaycan kino sənəti yaradıcılıq baxımından intibah dövrünə qədəm qoyur deyən A.Kərimli bildirib ki, bu dövr həm ölkə daxilində, həm də beynəlxalq miqyasda kinomuza marağın yenidən artmasına və Azərbaycan milli kinematoqrafiyasının daha da inkişaf etdirilməsinə böyük təkan verəcək. Onun sözlərinə görə, bütün bu inkişaf yolu ilə yanaşı, Azərbaycan kino sənətinin bir sıra problemləri də mövcuddur: "Buna görə də bu forumun əsas məqsədi kino tariximizin zəngin irsini qoruyub saxlamaqla yanaşı, bu mirasın daşıyıcıları olaraq hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri aydınlaşdırmaq, gələcək illərdə də inkişafını təmin etmək və rəqabət qabiliyyətli kinomuzun formalaşması istiqamətində atıla biləcək addımları birlikdə müzakirə etmək, bunun əsasında inkişaf strategiyaları və dövlət proqramlarının hazırlanılmasına nail olmaqdır. Düşünürük ki, bu sahədə yaranmış yeni münasibətlər, yeni çağırışlar, özəl sektorun fəaliyyətinin təşviq edilməsi, dövlətdən asılılığın azaldılması və dünya kino sənayesində mövcud olan trendlərə çatması üçün müvafiq köklü dəyişikliklərin edilməsinə böyük zərurət var. Əminik ki, sizlər artıq bu dəyişikliklərin və çağırışların tərkib hissəsi kimi öz fəaliyyətinizi çox uğurla qurmusunuz. Sadəcə olaraq bir araya gələrək vahid bir komanda kimi bu prosesi sürətləndirmək və daha da təkmilləşdirməyə ehtiyac var. Bu baxımdan, bu forum sadalanan məqsədlərə çatmaqda böyük bir başlanğıc nöqtəsi, əsas ictimai dialoq formatıdır. Təbii ki, kinomuzda, kinematoqrafiyamızda mövcud olan bütün problemləri bu iki gündə həll etmək mümkün deyil və belə bir hədəfimiz də yoxdur. Lakin əsas məqam ondan ibarətdir ki, bu cür dialoqların, bu cür müzakirələrin daha da geniş formatda davam etdirilməsi, bu prosesin işlək bir mexanizmə çevrilməsi üçün bu iki gündə sizlərdən mövcud olan problemlər və onların həlli mexanizmləri istiqamətində daha sistemli, konstruktiv fikir və təkliflər gözlənilir. Düşünürük ki, bundan sonra da belə dialoqlar, müzakirələr daha da geniş formatda davam etdirilməli, bu proses işlək mexanizmə çevrilməlidir. Ümid edirik ki, bu forum gözlənilən məqsədlərə nail olunmasında uğurlu vasitə olacaq”.
  
Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova "Heydər Əliyev və Azərbaycan kinosu" mövzusunda çıxış edib. 2023-cü ilin kinomuz üçün əlamətdar olduğunu deyən aktrisa forumun Ulu Öndərin 100 illik yubileyinə həsr olunmasından məmnunluğunu dilə gətirib: 

“Ulu Öndər Heydər Əliyevin kinonun inkişafında müstəsna xidmətləri var. Kino tariximizin uğurlu layihələri məhz Heydər Əliyevin adı ilə bağlıdır. Filmlərimizin SSRİ Dövlət mükafatına layiq görülməsində, həm Azərbaycan, həm də Moskvadakı fəaliyyəti zamanı sənət üçün xidmətləri əvəzedilməzdir. Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə qayıdışından sonra milli kinomuzun həyatında ciddi dönüş yaranmağa başladı. Bu ənənə bu gün də Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir. Bu diqqət və qayğıya görə kino ictimaiyyəti ölkəmizin rəhbərinə təşəkkür edir".

  Kinorejissor Cəmil Quliyev müəllif kinosunu inkişaf etdirməyə çağırıb. Onun sözlərinə görə, müəllif kinosunun inkişafı üçün “Debüt” studiyası inkişaf etdirilməlidir. O bildirib ki, bu gün kinoda mövzu seçimi olduqca aktual məsələdir: 

"Biz müəllif kinosunu inkişaf etdirməliyik. Əks halda kino sahəsində inkişaf gözləmək yersizdir. 

Müəllif kinosunun inkişafı üçün də “Debüt” studiyası inkişaf etməlidir. Gənclərə meydan açılmalıdır ki, onlar öz ideyalarını həyata keçirə bilsinlər". 

Kinorejissor Oleq Səfərəliyev isə deyib ki, sovet vaxtı kinomuzun yüksək, peşəkar səviyyəsi var idi. O, müştərək istehsal üçün platforma qurulması ilə bağlı müzakirə zamanı qeyd edib ki, qarşıya qoyulanların ərsəyə gətirilməsi üçün istehsalatın olması önəmlidir.