Tacir Şahmalıoğlu fəxri ad almaq üçün imza toplayıb - Açıqlama 

Uzun müddətdir ki, fəxri ad almaq istədiyini dilə gətirən müğənni Tacir Şahmalıoğlu bununla bağlı bir addım atıb.

Belə ki, sənətçi tanınmış İncəsənət xadimlərinin dəstəyi və imzası ilə ərizə yazıb.

Bu barədə Şahmalıoğlu “Sherg.az”a danışıb. O bildirib ki, hazırladığı müraciət sənədini aidiyyəti qurumlara göndərib:


“İncəsənət xadimlərindən, uzun illərdir görüşəndə adımın olmamasına istədikləri üçün mənə irad tutanlardan imza toplamışam. Möhtərəm prezidentimizə rəsmi müraciət hazırlayırıq, ərizə yazırıq. Sənət dostlarım mənəvi dəstək göstərdilər. Bir neçəsinə zəng etdim. Onların sırasında Arif Babayev, Ramiz Quliyev, Əminə Yusifqızı, Rasim Balayev, Nəzakət Teymurova, Məleykə Əsədova, Fatma Qarayeva və bir çoxları var. Haradasa 35 nəfərdir. Mənə mənəvi dəstəkdirlər. Dedilər ki, siz adı haqq edirsiniz. Müsbət cavab verdilər. Ali Baş Komandanımızdan bir xəbər gözləyəcəm. Biz dövlət başçımızı hər zaman dəstəkləmişik, onu canımızdan çox istəyirik. Sadəcə bilirəm ki, onun da başı qarışıqdır, çox işləri var. Tək mənim dərdim deyil ki. Amma mənim tələbələrimin tələbəsi belə ad alıb. Çox gecikmişəm. Vətən müharibəsinə qədər və ondan sonra müraciət etməyə utandım. Artıq qalib bir xalqıq. Dövlətlər arasında sayılan bir dövlətik. Mən də istəyərdim ki, layiqincə adımı alım. Ərizəni aidiyyəti qurumlara, Mədəniyyət Nazirliyinə, Prezidentimizə göndərmişik. Bir neçə quruma təqdim olunub. Elə ərizə var ki, çatıb, eləsi də var ki, sonra çatacaq. Allah kərimdir. Mən bu ada layiqəm. Yetərincə millətim məni sevirəm. 6 yaşımdan bu günə qədər xalqım üçün çalışmışam, bəstələmişəm, əziyyət çəkmişəm. Elə bir Bayatı-şiraz bəs edir. Bu rəsmi müraciətdə də qeyd etdim, mənim 4 filmim var, ikisi bədii, ikisi qısa metrajlı filmdir. Bizim Ulu öndərlə görüşümüz, mənə sən böyük sənətkar olacaqsan deməyi... Bunları da yazdım. Mən dünənin sənətkarı deyiləm, illərdir sənətdəyəm”.